29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Qarabağ Universitetinin rektoru KİMDİR...

20 may 2024 13:13
ELM VƏ TƏHSİL
ads

Xəbər verdiyimiz kimi, Şahin Bayramov Qarabağ Universitetinin rektoru təyin edilib. Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.


QÜTB.AZ Şahin Bayramov haqqında məlumatları təqdim edir.


Şahin Bayramov 1979-cu il 4 iyul tarixində Mingəçevir şəhərində anadan olub. 1986-cı ildə Mingəçevir şəhər 5 saylı orta məktəbinin birinci sinfinə gedib, 1996-cı ildə Mingəçevir şəhər Təbiət, Riyaziyyat və Humanitar Elmlər Təmayüllü Liseyini bitirib. 


1996-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) “Beynəlxalq iqtisadi münasibətlər” fakültəsinə qəbul olunub, 2000-ci ildə “Beynəlxalq iqtisadi münasibətlər” ixtisası üzrə bakalavr dərəcəsi alıb.


2001-ci ildə ADİU-nun magistraturasına qəbul olunub, 2003-cü ildə “Beynəlxalq iqtisadi münasibətlər” ixtisası üzrə magistr dərəcəsi alıb.


2005-ci ildə ADİU-nun doktoranturasına qəbul olunub. 2011-ci ildə “Dünya iqtisadiyyatı” ixtisası üzrə “Avropa İttifaqının Qonşuluq Siyasəti və Azərbaycanın Avropa iqtisadi məkanına inteqrasiyası perspektivləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib, 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə “iqtisad üzrə fəlsəfə doktoru” elmi dərəcəsi alıb.


2005-ci ilin yanvarından 2016-cı ilin sentyabr ayınadək ADİU-nun “Beynəlxalq iqtisadi münasibətlər” kafedrasında baş laborant, müəllim, baş müəllim və əvəzçiliklə dosent vəzifələrində çalışıb. Eyni zamanda, 2005-2009-cu illərdə ADİU-nun Biznesin idarə edilməsi üzrə magistr (MBA) proqramında menecer, 2009-2011-ci illərdə ADİU-nun Distant və əlavə təhsil mərkəzində şöbə müdiri vəzifələrində çalışıb.


2006-2014-cü illərdə Azərbaycan Respublikası Milli Məclisinin Elm və təhsil komitəsinin eksperti, eləcə də “Təhsil haqqında” və “Elm haqqında” Azərbaycan Respublikası Qanunlarının layihələrinin hazırlanması üzrə İşçi Qruplarının üzvü olub.


2015-ci ilin sonunda ABŞ-nin Nyu York şəhərində "İcraçılar üçün Qabaqcıl Liderlik Proqramı"nda (Advanced Executive Leadership Program) iştirak edib. Üç gün davam edən intensiv seminarlarda liderlik keyfiyyətləri, vizion, missiya və məqsədlərin müəyyən edilməsi, strateji qərarların qəbulu, heyətin və risklərin idarə olunması, kommunikasiya və danışıqlar aparılması bacarıqları, böhran şəraitində idarəetmə və digər mövzularda praktiki təlimlər keçirilib. Tədbirə Avropa kontinentindən qoşulan yeganə nümayəndə Ş.Bayramov Seminarda aktiv iştirak edib.


2016-cı ilin fevralında ABŞ-nin Mayami şəhərində Şimali Amerika regionu üzrə İkinci Beynəlxalq Universitetlər Şəbəkəsi Konfransında (International Universities Networking Conference – IUNC North America 2016) iştirak edib. Tədbir çərçivəsində ABŞ, Yaponiya, Braziliya, İspaniya, Fransa, İtaliya, Çexiya, Hindistan və digər ölkələri təmsil edən universitetlərin və ali təhsil agentliklərinin nümayəndələri ilə ikitərəfli görüşlər keçirib. Görüşlərdə universitetlərarası əməkdaşlıq imkanları və UNEC-ə xarici tələbə cəlb olunması məsələləri müzakirə olunub.


2016-cı ilin mayında ABŞ-nin Kornell Universitetində keçirilən 2016-cı il III Beynəlmiləlləşmə Simpoziumunda (3rd Internationalization Symposium 2016) iştirak edib.



ABŞ Dövlət Departamentinin Hubert H.Humphrey Təqaüd Proqramının qalibi seçilməklə Amerikada professional inkişaf təlimlərinə qatılmaq imkanı qazanıb. Proqram çərçivəsində 11 avqust 2015-ci il – 10 iyun 2016-cı il tarixlərində ABŞ-də təhsil alaraq, proqramı uğurla başa vurub. 


Şahin Bayramov 2017-ci ilin aprelinə kimi Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru vəzifəsində işləyib, 2017-ci il aprelin 17-də Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elm, ali və orta-ixtisas təhsili şöbəsinin müdir müavini vəzifəsinə təyin edilib.


31 iyul 2019-cu il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Şahin Bayramov Mingəçevir Dövlət Universitetinin rektoru təyin edilib.


Xatırladaq ki, Qarabağ Universiteti Azərbaycan Prezidentinin 28 noyabr 2023-cü il tarixli sərəncamı ilə yaradılıb. Universitet 2024-2025-ci tədris ilindən fəaliyyətə başlayacaq. Ali təhsil ocağında ilkin mərhələdə 1 000 nəfərə yaxın tələbənin təhsil alması nəzərdə tutulur.

Teglər
Müəllif : Şəmsiyyə Cəfərquluzadə
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur