"Özəl təhsil müəssisələrində qiymətə nəzarət mütləqdir" - ELÇİN ƏFƏNDİ
"Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb. Bu gün Azərbaycanda fəaliyyət göstərən özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb".
Bu fikri Milli Məclisin deputatı Məlahət İbrahimqızı parlamentin aprelin 19-da keçirilən plenar iclasında çıxışı zamanı deyib.
O bildirib ki, ölkədə, xüsusilə də Bakıda kifayət qədər özəl məktəblər var: “Amma həmin məktəblərin hərəsi bir təhsil haqqı müəyyən edib. Hətta məbləğ kosmik rəqəmlərə çatıb. Ümumiyyətlə özəl məktəblərdə qiymətlər necə tənzimlənir? Məbləğ təyinatında hansı parametrlər əsas götürülür? Bu məsələyə aydınlıq gətirmək lazımdır”.
Bəs, özəl məktəblərdə qiymətlər necə tənzimlənir?
Özəl təhsil müəssisələrindəki fərqli qiymətlər təhsilin keyfiyyətinə təsir edirmi?
Bu barədə elm və təhsil eksperti Elçin Əfəndi QÜTB.AZ-a açıqlamasında bildirib ki, Dövlət təhsil müəssisələri ilə müqayisədə özəl təhsil müəssisələri ölkədə o qədər də çox deyil:
"Dövlət təhsil müəssisələri ilə müqayisədə. Hazırda 4 mindən çox dövlət təhsil müəssisəsi varsa, özəl təhsil müəssisəsinin sayı demək olar ki, 100-ə çatmır. Amma bizim əsas prioritet istiqamətlərimizdən biri o olmalıdır ki, özəl müəssisələrə üstünlük verək. Çünki belə olan halda rəqabət mühiti formalaşır və rəqabət mühitində də daha bacarıqlı şagirdlər meydana çıxır. Əlbəttə ki, bunun müqabilində özəl təhsil müəssisələri ailələri də nəzərə almalıdırlar. Bu gün elə təhsil müəssisələri var ki, onların təhsil haqları çoxdur. Amma xidmət göstəriciləri xidmətdən asılı olaraq bu qiymətlərin tənzimlənməsi məsələsi var. Nəzərinizə çatdırım ki, burda servis xidmətinin təşkilindən tutmuş təhsil alanların yeməklə, yataqxana ilə təmin olunması və s. digər amillər təbii ki, orda illik təhsil haqqının içərisinə daxildir. Və paralelində imtahanlar, onlara dərs deyən müəllim heyətinin daha güclü olması, xaricdən müəllimlərin cəlb olunması - bunlar hər biri təhsil müəssisəsinin müəyyənləşdirdiyi illik təhsil haqqı ödəniş qarşılığında həyata keçirilir. Ona görə də yəni biz, əlbəttə, hər hansı təhsil müəssisəsinin illik təhsil haqqını sorğuladığımız zaman onun göstərdiyi xidmətləri müəyyənləşdirib və o xidmətlər üzərindən qəti qərar verə bilərik ki, burda illik təhsil haqqı nə qədər olmalıdır və ya ola bilər".
Ekspertin sözlərinə görə, son dövrlər baxsanız, özəl təhsil müəssisələrində yalnız xarici ölkələrdə təhsil alma prinsipində demək olar ki, dövlət təhsil müəssisələrini qabaqlayırlar. Qalan digər parametrlərdə isə dövlət müəssisələri özəllərdən daha üstündür:
"Məsələn, ölkə universitetlərinə qəbul, hətta ölkədən kənarda qəbul məsələsində dövlət müəssisələrindən qəbul olunanların say çoxluğu da var. Yəni birbaşa yalnız müəyyən xidmət sferalarında özəl təhsil müəssisələri dövlət təhsil müəssisələrini üstələyir. İnfrastrukturun yaxşı olması, şagirdlər üçün vəsaitlərin, eyni zamanda riktim istiqamətində informasiya texnologiyalarının və ağıllı lövhələrin, digər istiqamətlərin daha əlçatan olması baxımından özəllərin fərqi var".
Ekspert sonda əlavə edir ki, özəl təhsil müəssisələrində qiymətləri konkret standart formaya gətirmək üçün nəzarət mütləq olmalıdır:
"Burda bir nəzarət mexanizminin tətbiqi vacibdir. Elm və Təhsil Nazirliyi, eyni zamanda Maliyyə və Vergilər Nazirliyi məhz özəl təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı müştərək bir qərar verə bilərlər. Konkret qiymətlər təyin olunarkən mütləq ailələrin büdcələri nəzərə alınmalıdır".