Ali məktəblərə qəbul imtahanının növbəti mərhələsinə QEYDİYYAT BAŞLADI
15 apr 2024 10:41
ELM VƏ TƏHSİL
ads
Ali təhsil müəssisələrinə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin qeydiyyatı elan edilib.
QÜTB.AZ xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi ( DİM) məlumat yayıb.
Bildirilib ki,I-IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlər 2024-cü il aprelin 15-dən 6 may saat 23:59-dək şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə (https://www.e-gov.az/az/services/read/3148/0?tqdk_xdm=133) daxil olaraq imtahan vermək istədikləri ixtisas qrupunu seçib qeydiyyatdan keçməlidirlər.
Bu il tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə buraxılış imtahanı vermiş, lakin 1-15 mart tarixlərində aparılan ərizə qəbulunda iştirak etməyən cari ilin məzunlarının müraciətləri nəzərə alınaraq onların da I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının ikinci mərhələsində iştirak etmək üçün qeydiyyatdan keçməsinə imkan yaradılıb. Bundan əlavə, keçən il buraxılış imtahanı (qəbul imtahanının 1-ci mərhələsi) vermiş, lakin 1-15 mart tarixlərində aparılan ərizə qəbulunda iştirak etməyən əvvəlki illərin məzunları da I, II, III və IV qruplardan hər hansı birini seçib imtahanın ikinci mərhələsində iştirak edə bilərlər. Bu halda imtahanın birinci mərhələsinin nəticəsi kimi həmin abituriyentlərin keçən il topladıqları bal nəzərə alınacaq.
Qeyd edilib ki, ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı subbakalavrların ərizələrinin qəbulu əvvəlcədən elan olunduğu kimi, 11 may – 31 iyul tarixlərində internet vasitəsilə aparılacaq. Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün müsabiqə şərtini ödəmiş, lakin 1-15 mart tarixlərində keçirilən ərizə qəbulu zamanı "Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək istəyirəm” bəndini seçməyən abituriyentlərə yayda kolleclərin ixtisas seçimində iştirak etməyə icazə veriləcək.