29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Planşetlər dövriyyədən çıxır? - Köhnə getdi, sən təzədən danış

08 mar 2024 14:00
GÜNDƏM
ads
Advertisement

Planşetlər bir zamanların ən çox axtarılan, əldə edilməsinə çalışılan, insanların ciddi şəkildə əlindən tutan texnoloji yenilik idi. 8-9 il öncəsinə qədər hamı planşet almağa maraq göstərirdi. Elə ən bahalı, maraqlı hədiyyələr də planşetlər hesab olunurdu. Hətta texnologiya blogerləri planşetlərin notbuk erasını bitirəcəyini də proqnozlaşdırırdılar. Amma vəziyyət dəyişib. Artıq bazarda da planşet markalarına az rast gəlinir. Alınan planşetlərdə isə əsasən uşaqlar oyun oynayırlar.

Açıqlanan statistika da bunu göstərir. Belə ki, 2023-cü il ərzində dünya üzrə planşet satışı 135 milyon 254 min ədəd təşkil edib. “Canalys” agentliyinin hesabatına əsasən, bu, bir il əvvəlki göstərici ilə müqayisədə 10,3 %-lik azalma deməkdir. İkinci əsas məqam isə odur ki, müasir dövrdə ağıllı telefonların inkişafı və məşhurlaşmasından sonra 2019-cu ildə “Google” planşet bazarındakı satış və marağın az olması səbəbi ilə planşet istehsalını dayandırmışdı.

Doymuş bazar sindromu

Yeni texnologiyalar, telekommunikasiya və innovasiyalar üzrə ekspert Cəlil Xəlilov “Kaspi” qəzetinə açıqlamasında bildirdi ki, smartfonların daha “ağıllandığı” və notbukların getdikcə daha çox istifadə olunduğu vaxtda planşetlər tənəzzül dövrünü yaşayır. Mütəxəssis vurğulayır ki, qlobal planşet satışları dinamikası son üç il ərzində aşağıya doğru gedir: “Bu enişin səbəbinə gəldikdə isə, ilk nüans doymuş bazar sindromudur. Yəni satışlarda enişi şərtləndirən faktorlardan biri bazarın doymasıdır. Texnoloji qurğularla zəngin bir dünyada istehlakçıların seçim imkanları böyükdür. Planşetlər smartfonlar və notbuklar arasında mükəmməl inqilabi cazibəsi olduğu vaxtlarda bazarı bəzəyirdilər. Bazar oxşar funksiyalarla təchiz edən cihazlarla dolu olduğundan bu cazibə bir müddət sonra zəiflədi. Bazar iqtisadiyyatı burada özünü tam gücü ilə doğrultdu”.

“Köhnə getdi, sən təzədən danış”

Mütəxəssis deyir ki, ikinci faktor istehlakçının seçimlərini dəyişməsidir: “Necə deyərlər, “köhnə getdi, sən təzədən danış”. İstehlakçı seçimləri dinamikdir, dəyişən həyat tərzinə və texnoloji irəliləyişlərə uyğunlaşmaq üçün daim inkişaf edir. Daha böyük ekranları və təkmilləşdirilmiş imkanları ilə cəlb edən smartfonlar və misilsiz məhsuldarlıq təklif edən notbuklar fonunda planşetlər kimi arada qalan texnologiyaya ehtiyacın olub-olmaması getdikcə daha çox sual edilir. Hər ikisində ən yaxşısına sahib ola biləcəyimiz halda niyə onların ortasını seçməliyik?”.

İş üçün notbuk, ünsiyyət üçün isə smartfon

Mütəxəssis pandemiyadan sonra planşet bazarında enişin daha çox hiss olunduğunu vurğulayır: “COVID-19 pandemiyası məsafəli iş və virtual ünsiyyət üçün katalizator rolunu oynadı. Bu zaman da işimizi rahatlaşdıran cihazlara tələbat artdı. Planşetlər də məsafəli iş və virtual görüşlər üçün əlverişli texnologiya kimi özünü bu dövrdə doğrultdu. Dünya tədricən normala doğru irəlilədikcə isə, bu maraq azalmağa başladı. İnsanların işlərinə geri dönməsi, virtual görüşlərdən kənarlaşması planşetlərə olan ehtiyac azaltdı. Yenidən hamı iş üçün notbuklara, ünsiyyət üçün isə smartfonlara qayıtdı”.

“İnsanlar ehtiyacları dəbdəbədən üstün tuturlar”

Həmsöhbətimiz deyir ki, planşet bazarına təsir edən dördüncü əsas faktor iqtisadi təsirlərdir: “İqtisadi aspekti də nəzərdən qaçırmaq olmaz. Son bir neçə ildə dünyada insanların iqtisadi vəziyyətləri qeyri-müəyyəndir. İqtisadi tənəzzüllər istehlakçıların xərcləmə vərdişlərinə də təsir edib. Belə vaxtlarda planşetlər kimi vacib olmayan alətlər arxa plana keçir. Çünki insanlar hazırkı dövrdə ehtiyacları dəbdəbədən üstün tuturlar”.

Ümid hələ də var?

C.Xəlilovun sözlərinə görə, ümumi azalmaya baxmayaraq, planşet bazarının müəyyən seqmentləri inkişaf etməkdə davam edir. Yəni, ümid hələ də var: “Planşetlərin daşınma qabiliyyətini və çoxyönümlülüyünü dərk edən təhsil müəssisələri onların istifadəsində inadkarlıq nümayiş etdirirlər. Bundan əlavə, istehsalçılar da fəal şəkildə yeniliklər edir, bazarlara uyğun yeni funksiyalar təqdim edirlər. Planşet bazarının gələcəyi ilə bağlı işartılar hələ də var. Peşəkar mövqe, mövcud ekosistemlərə inteqrasiya və ya inqilabi dizaynlar vasitəsilə planşetləri yenidən canlandırmaq bəlkə də mümkündür. İnnovasiyaları qəbul etmək, istehlakçı ehtiyaclarını anlamaq və daim inkişaf edən texnoloji mənzərədə fərqli dəyər təklifi hazırlamaq bu texnologiyanı böhrandan çıxara bilər”.

Mütəxəssis sonda vurğuladı ki, qlobal planşet satışlarının azalması sadəcə statistik göstərici deyil, dəyişən istehlakçı davranışlarının, bazar dinamikasının və texnoloji irəliləyişlərin nəticəsidir. ("Kaspi" qəzeti)


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur