Türkiyə parlamentində təmsil olunan partiyaların nümayəndələrindən ibarət 5 nəfər özünü buraxan PKK terrorçularının rəhbəri Abdullah Öcalanla görüşəcək.
Qutb.az xəbər verir ki, bu barədə DEM Partiyasının üzvü, İmralı heyətinin təmsilçisi Pərvin Buldan bildirib.
O, parlamentdə təmsil olunan partiyalardan ibarət beş nəfərlik nümayəndə heyətinin İmralı adasına səfərinin planlaşdırıldığını açıqlayıb.
Buldan bu barədə 11 oktyabrda “Medya Haber TV”yə verdiyi müsahibəsində məlumat verib. O bildirib ki, səfərdə hansı partiyaların iştirak edəcəyi hələ tam bəlli deyil:
“Parlamentdə qrupu olmayanlar gedəcəkmi, getməyəcəkmi? Bu barədə hələlik dəqiq məlumat yoxdur”, – deyə Buldan qeyd edib.
O, həmçinin Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşun İmralı adasına getməyəcəyini də vurğulayıb.
Buldanın bu açıqlamasına hökumət tərəfindən hələlik rəsmi cavab verilməyib.