Həkimlər 2-ci tip şəkərli diabetdən əziyyət çəkən bir xəstəni hüceyrə terapiyasından istifadə edərək sağalda biliblər. 59 yaşlı xəstə 2021-ci ildə qabaqcıl hüceyrə terapiyası alıb və 2022-ci ildən heç bir dərman qəbul etmir.
Publika.az xəbər verir ki, araşdırmanın nəticələri "Cell Discovery" jurnalında dərc olunub. Xəstəyə 25 il əvvəl 2-ci tip şəkərli diabet diaqnozu qoyulub və o xəstəliyin ciddi fəsadları ilə üzləşib.
2017-ci ildə böyrək transplantasiyası almasına baxmayaraq, xəstə qanda qlükoza səviyyəsinin tənzimlənməsində mühüm rol oynayan mədəaltı vəzi adacıqlarının çoxunu itirib. Nəticədə o, hər gün çoxsaylı insulin inyeksiyaları qəbul etməli olub.
Çinin Şanxay şəhərində tədqiqatçılar insanın öz qan hüceyrələrindən kök hüceyrələr yaratmaq üçün istifadə edərək onu insulin istehsal edən və qan şəkərinin səviyyəsini saxlayan hüceyrələrə çevirib.
Bu hüceyrələr xəstəyə 2021-ci ilin iyulunda köçürülüb və 11 həftədən sonra o, artıq insulin inyeksiyalarına ehtiyac duymayıb.
Müalicəsini davam etdirən şəxs qan şəkərinin səviyyəsinə nəzarət etmək üçün dərmanların qəbulunu tədricən azaldıb və 12 aydan sonra tamamilə dayandırıb.
Həkimlər milyonlarla xəstənin həyatını dəyişdirmək məqsədi ilə terapiyanı daha çox diabet xəstəsi üzərində sınaqdan keçirməyə ümid edir.
Cəmilə