23.12.25 | Bakı 4.03° C |
10:06:25
Lent :

Sahibkarlığın inkişafı sosial-iqtisadi strategiyanın ayrılmaz hissəsinə çevrilib

23 dek 2025 19:00
GÜNDƏM
ads

Azərbaycanda sahibkarlığın inkişafı ölkənin ümumi sosial-iqtisadi strategiyasının ayrılmaz hissəsinə çevrilib. Qlobal iqtisadi dəyişikliklər, regional proseslər və daxili inkişaf prioritetləri fonunda dövlətin sahibkarlığa yanaşması təkcə iqtisadi artımın deyil, həm də məşğulluğun, sosial rifahın və uzunmüddətli dayanıqlılığın təmin olunmasına xidmət edir. Məhz bu baxımdan Azərbaycan modeli sahibkarlığı dövlət siyasətinin strateji dayaqlarından biri kimi formalaşdırır.

 

Qutb.az xəbər verir ki, bu fikirləri İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının sədri Tural Mustafayev söyləyib.

 

T.Mustafayev bildirib ki, bu yanaşmanın mərkəzində Prezident İlham Əliyevin sahibkarlığın inkişafına göstərdiyi ardıcıl diqqət və siyasi iradə dayanır: “Prezidentin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatlar biznes mühitinin yaxşılaşdırılması, qeyri-neft sektorunun genişləndirilməsi və özəl təşəbbüslərin təşviqi istiqamətində konkret nəticələr verib. Sahibkarlığın inkişafı dövlətimizin başçısı tərəfindən dəfələrlə ölkənin iqtisadi təhlükəsizliyinin və rəqabətqabiliyyətli gələcəyinin əsas şərtlərindən biri kimi qeyd olunub.

 

Son illərdə qəbul edilən dövlət proqramları və strateji yol xəritələri məhz bu baxışın praktiki ifadəsidir. Regionların sosial-iqtisadi inkişafı, ixracyönümlü istehsalın artırılması, yerli məhsulların beynəlxalq bazarlara çıxışı və investisiya mühitinin cəlbediciliyinin yüksəldilməsi sahibkarlıq fəaliyyətinin daha geniş coğrafiyada və daha sistemli şəkildə inkişafına şərait yaradır. Bu prosesdə inzibati prosedurların sadələşdirilməsi, rəqəmsal həllərin tətbiqi, vergi və gömrük sahəsində aparılan islahatlar sahibkarların gündəlik fəaliyyətinə real dəstək mexanizmi kimi çıxış edir”.

 

Dövlətin bu istiqamətdə atdığı addımların dövlət-özəl sektor münasibətlərinin mahiyyətcə yeni mərhələyə keçməsinə imkan yaratdığını bildirən müsahibimiz qeyd edib ki, əgər əvvəlki dövrlərdə bu münasibətlər daha çox tənzimləyici xarakter daşıyırdısa, bu gün qarşılıqlı dialoq və tərəfdaşlıq modeli ön plana çıxır: “Sahibkarların təklif və təşəbbüslərinin dinlənilməsi, onların problemlərinin institusional platformalarda müzakirə olunması iqtisadi qərarların real sektorun ehtiyaclarına uyğunlaşdırılmasına şərait yaradır.

 

Bu çərçivədə biznes ictimaiyyətinin məlumatlandırılması xüsusi əhəmiyyət kəsb edir. Dövlət tərəfindən təqdim olunan maliyyə, məşğulluq, ixrac və subsidiya mexanizmləri yalnız sahibkarlar bu imkanlar barədə vaxtında və dolğun məlumat əldə etdikdə effektiv nəticə verir. Son illərdə ölkə üzrə keçirilən sərgilər, biznes forumlar, konfranslar və işgüzar görüşlər məhz bu məqsədə xidmət edərək sahibkarlarla dövlət qurumları arasında birbaşa ünsiyyət mühiti formalaşdırır”.

 

O, eyni zamanda, iqtisadiyyatın şaxələndirilməsi prosesində sektorial yanaşmanın əhəmiyyətinin daha aydın hiss olunduğunu qeyd edib: “Müxtəlif sahələr üzrə keçirilən müzakirələr və praktiki görüşlər konkret sektorların problemlərini üzə çıxarmağa, dövlət dəstəyinin daha hədəfli şəkildə tətbiqinə imkan yaradır. Bu yanaşma həm dövlət qurumları üçün daha dəqiq qərarvermə mexanizmi yaradır, həm də sahibkarların fəaliyyətlərini strateji baxımdan planlaşdırmasına şərait formalaşdırır.

 

Azərbaycanda sahibkarlıq ekosisteminin formalaşmasında ictimai institutlar və biznes assosiasiyaları da bu prosesin tərkib hissəsi kimi çıxış edir. Bu cür qurumlar sahibkarların təşəbbüslərinin koordinasiyası, dövlət proqramları barədə məlumatlandırma və işgüzar əlaqələrin genişləndirilməsi istiqamətində körpü rolunu oynayır. Məsələn, İş adamları Cəmiyyətinin Milli Assosiasiyası sahibkarların müxtəlif dövlət qurumları ilə dialoqunun təşkili, sektorial görüşlərin keçirilməsi və biznes ictimaiyyətinin fəallığının artırılması istiqamətində həyata keçirilən təşəbbüslərdə iştirak edir. Bu fəaliyyətlər ümumi sahibkarlıq mühitinin institusional baxımdan güclənməsinə töhfə verir”.

 

Bütün bu proseslərin mərkəzində Prezident İlham Əliyevin müəyyən etdiyi strateji xəttin dayandığını vurğulayan T.Mustafayev diqqətə çatdırıb ki, dövlətimizin başçısının sahibkarlığa verdiyi önəm, özəl sektorun iqtisadiyyatdakı rolunun gücləndirilməsi ilə bağlı verdiyi tapşırıqlar və irəli sürdüyü təşəbbüslər nəticəsində Azərbaycan sahibkarlığı daha sistemli, şəffaf və dayanıqlı inkişaf mərhələsinə daxil olub. Dövlət və özəl sektor arasında formalaşan sağlam tərəfdaşlıq modeli ölkənin uzunmüddətli iqtisadi inkişaf hədəflərinə xidmət edir.

 

Nəticə etibarilə bu gün Azərbaycanda sahibkarlığın inkişafı təkcə biznesin genişlənməsi deyil, eyni zamanda, güclü iqtisadiyyatın, sosial sabitliyin və milli rifahın təmin olunması deməkdir. Dövlət siyasətinin ardıcıllığı, sahibkarların fəallığı və institusional əməkdaşlıq mexanizmlərinin möhkəmləndirilməsi bu inkişafın davamlı olacağını göstərir. (Mənbə: Azərtac)

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
166 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
4.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur