Əfsanəvi müğənni Maykl Ceksonun həyatından bəhs edən “Michael” adlı bioqrafik film kinoteatrlara çıxmadan tarixi rekord əldə edib.
Qutb.az xəbər verir ki, rejissor Antoine Fuqua tərəfindən çəkilən filmin treyleri cəmi 24 saat ərzində 116,2 milyon dəfə izlənilib və bütün dövrlərin ən çox izlənən musiqi bioqrafiyası treyleri olub.
Yeni rekordla “Michael” filmi daha əvvəl zirvədə olan “Taylor Swift: The Eras Tour” (96,1 milyon baxış) və “Bob Marley: One Love” (60,1 milyon baxış) kimi musiqi filmlərini geridə qoyub. Treyler yalnız ilk 6 saatda 30 milyon baxış toplayaraq, eyni vaxt ərzində “John Wick 4” treylerindən 50 faiz çox izlənib.
Gələn həftədən kinoteatrlarda tam versiyası nümayiş etdiriləcək treylerdə Ceksonun uşaqlıq illərindən tutmuş ən parlaq səhnə çıxışlarına və məşhur musiqi videolarından kadrlarına qədər bir çox məqamlar yer alır.
Filmdə Nia Lonq, Koleman Dominqo və Miles Teller kimi aktyorlar rol alıb. Ssenarini isə üç dəfə “Oscar”a namizəd olmuş Con Loqan qələmə alıb.
“Michael” filminin yaxın aylarda dünya üzrə kinoteatrlarda nümayişi planlaşdırılır.