"Roma"da icarə əsasında çıxış edən "Çelsi"nin hücumçusu Romelu Lukaku Səudiyyə Ərəbistanı çempionatının perspektivlərindən danışıb.
Publika.az xəbər verir ki, Belçika millisinin üzvü bir sıra ulduz futbolçuların çıxış etdiyi Pro Liqanın ünvanına xoş sözlər səsləndirib:
“Düşünürəm ki, yaxın iki ildə Səudiyyə Ərəbistanı Pro Liqası ən yaxşı olmasa da, dünyanın ən yaxşı liqalarından birinə çevriləcək. Bütün Səudiyyə klubları məşhur futbolçuları ora cəlb etmək üçün çox səy göstərir. Onlar əhəmiyyətli dərəcədə yaxşılaşır. Çempionatın dünyanın ən yaxşı yarışması olmaq üçün hər cür şansı var”.
Bu mövsüm Lukaku "Roma"nın heyətində bütün yarışlarda 26 oyun keçirib, 15 qol vurub və 2 məhsuldar ötürmə edib. Futbolçunun "Çelsi" ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna kimidir.
Qeyd edək ki, "Çelsi"nin bu ilin yayında Lukakunu "Roma"ya və ya "Əl-Hilal"a 43 milyon avroya satmağa hazır olduğu bildirilir.
Heybət