2023-cü ildə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti inzibati xətalar törətdiklərinə görə 59 nəfər vəzifəli şəxsə 57,3 min manat cərimə tətbiq edib.
Publika.az bu barədə nazirliyə istinadən xəbər verir.
Məlumata görə, həmin cərimələrin dövlət büdcəsinə ödənilməsi təmin edilib. Dövlət Maliyyə Nəzarəti Xidmətinin iş planına əsasən aparılmış nəzarət tədbirləri ilə (Respublika Baş Prokurorluğuna göndərilən 1 nəzarət tədbiri istisna olmaqla) aşkar edilən nöqsanlara yol vermiş vəzifəli şəxslər barəsində müvafiq protokollar tərtib edilib.
Xidmət hesabat dövründə aparılmış nəzarət tədbirləri nəticəsində aşkar olunmuş nöqsanların aradan qaldırılması, belə nöqsanlara digər təşkilatlarda yol verilməsinin qarşısının alınması məqsədilə, habelə nöqsanlara yol verilməsində təqsiri olan vəzifəli şəxslər barəsində səlahiyyətləri daxilində tədbirlər görülməsi üçün həmin təşkilatların tabe olduqları mərkəzi icra hakimiyyəti və müvafiq yerli icra hakimiyyəti orqanlarına məktublar göndərib, müvafiq tövsiyələr verib.