“Su qıtlığı ilə bağlı məqaləmiz İsveçin “Water” jurnalına göndərilib. Araşdırma Xəzər dənizinin səviyyə dəyişmələrinə qlobal amillərin təsiri haqqındadır. Tədqiqat zamanı məlum oldu ki, Xəzərdə olan problemin kökündə Rusiyanın Volqa çayı dayanır”.
Bu sözləri Publika.az-a müsahibəsində Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizinin hidrometeorologiyası şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov bildirib.
O bildirib ki, 1995-ci ildən bəri Xəzərin səviyyəsinin aşağı düşməsi dənizlə əlaqəli məsələ deyil, Volqa çayı ilə bağlıdır: “Azalma səbəblərini - antropogen amillər və qlobal istiləşməni məqaləmizdə göstərdik. Hər iki amilin rolu hesablanıb. Antropogen amillər iqlim amillərini daha çox üstələyir. Xəzər dənizində suyun səviyyəsi daim düşüb qalxır, amma antropogen amillər bu qədər çox olmayıb. Yəni hazırda Xəzərə nələr təsir edirsə, onları tapıb göstərmişik. Məqaləmiz qəbul edilib və çap olunacaq. Bu, Azərbaycan üçün böyük uğurdur”.
Həmin məqalənin müəllifləri Səid Səfərov və Elnur Səfərovdur.
Qeyd edək ki, müsahibənin geniş variantı Publika.az-da tezliklə yayımlanacaq.
Aysel Şahmar