Moskvada yaşayış kompleksində baş verən partlayış “Arbat” batalyonunun yaradıcısı Armen Sarkisyana qarşı sui-qəsd cəhdi ilə bağlı ola bilər.
QÜTB.AZ xəbər verir ki, bu barədə “Mash” yazıb.
KİV-in məlumatına görə, Armen ağır bədən xəsarətləri alıb və reanimasiya şöbəsinə yerləşdirilib. Partlayış, o, mühafizəçilərin müşayiəti ilə foyedən keçərkən baş verib.
Rəsmi məlumata görə, partlayış zamanı ölən şəxsin üzü ciddi zədələndiyindən onun şəxsiyyəti hələlik müəyyən edilməyib. Ölən şəxsin Armen Sarkisyanın mühafizəçisi olması ilə bağlı ehtimallar var.
Politoloq Dmitri Nikotin Telegram kanalında yazıb ki, yaralananlar arasında əvvəllər Rusiya Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Krım Ərazi Komandanlığının ayrıca xüsusi təyinatlı dəstəsinin komandirinin müavini olmuş Oleq Kaspiroviç də var.
Armen Qorlovski kimi tanınan 46 yaşlı Armen Sarkisyan Qorlovkada (Donetsk vilayəti) döyüşçülərə təlim keçib.
Bundan əvvəl Sarkisyan Ukraynada Ukrayna silahlı qüvvələrinə qarşı hərbi əməliyyatlar aparan qanunsuz silahlı birləşmələrdə iştirakda ittiham olunub. O, əvvəllər Ukrayna vətəndaşlığına malik olub.
Xatırladaq ki, Moskvanın şimal-qərbində yerləşən yaşayış kompleksində partlayış baş verib, nəticədə 1 nəfər ölüb, 4 nəfər yaralanıb. Məlumata görə, yaralılardan 3-nün vəziyyəti ağırdır.
Tural