Danimarka və Niderland F-16 döyüş təyyarələrini Ukraynaya təhvil verəcək, təyyarələr bu yay Ukraynaya çatacaq.
Publika.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken Vaşinqtonda NATO Sammiti çərçivəsində keçirilən “NATO İctimai Forumu”nda çıxışı zamanı deyib.
Ukraynanın Rusiyanın təcavüzünə təsirli şəkildə cavab verməsi üçün dəstəyin davam edəcəyini bildirən Blinken çox güclü dəstək paketi üzərində çalışdıqlarını ifadə edib.
ABŞ-ın müdafiə naziri Lloyd Ostin isə forumdakı çıxışında NATO-nun soyuq müharibədən bəri ən güclü planlarını həyata keçirəcəyini iddia edib:
"Bu planlar bizim istənilən yeni təhlükədən qorunmaq qabiliyyətimizi əhəmiyyətli dərəcədə artıracaq”.
Digər tərəfdən, ABŞ prezidenti Co Bayden, Niderland Baş naziri Dik Sxof və Danimarka Baş naziri Mette Frederiksen F-16 təyyarələri ilə bağlı birgə yazılı açıqlama verib.
Açıqlamada dördüncü nəsil müasir F-16 döyüş təyyarələri ilə yanaşı, Ukraynaya təlim dəstəyinin də veriləcəyi bildirilib. Təhlükəsizlik baxımından əlavə detalların verilməyəcəyi qeyd olunub.
Ləman