İtaliyanın Siciliya adasının sahil zolağında batan yelkənli yaxtanın kapitanı Ceyms Ketfild barəsində istintaq işi başladılıb.
QÜTB.AZ xəbər verir ki, prokuror orqanları 7 nəfərin ölümü ilə nəticələnən hadisəyə görə yaxtanın kapitanı Ceyms Ketfildi şübhəlilər siyahısına daxil edib.
51 yaşlı yeni zelandiyalı kapitan gəmi qəzası, səhlənkarlıq və çoxsaylı insanın qətlində ittiham olunur. O, həftə ərzində ikinci dəfə dindirilib.
Xatırladaq ki, Böyük Britaniya bayrağı ilə üzən “Bayesian” adlı yaxta avqustun 19-u səhər saatlarında Palermo şəhərinin şimal sahilində Portiçello adlı bölgədə batıb. Yaxtanın göyərtəsində sərnişin və ekipaj üzvü olmaqla ümumilikdə 22 nəfər olub, 15 nəfər xilas edilib.
İtkin düşən “britaniyalı Bill Qeyts” kimi tanınan məşhur iş adamı Mayk Linç və onun 18 yaşlı qızı Hanna, “Morgan Stanley International”ın prezidenti Conatan Blumer və həyat yoldaşı Enn Elizabet Cudit, amerikalı vəkil Kris Morvillo və həyat yoldaşı Neda Morvillo, eləcə də bir ekipaj üzvünün cəsədi tapılıb.