Pakistanda fevralın 8-də keçiriləcək ümumi seçkilərdən əvvəl keçmiş baş nazir İmran Xan 10 il müddətinə azadlıqdan məhrum edilib.
Publika.az xəbər verir ki, avqust ayında korrupsiya ittihamı ilə 3 il həbs cəzası alan və hazırda cəzasını çəkən Xanın seçkilərdə iştirakına qadağa qoyulub. Ravalpindi şəhərindəki həbsxanada yaradılmış xüsusi məhkəmə Xan və keçmiş xarici işlər naziri Şah Mahmud Qureşi Pakistanın ABŞ-dakı keçmiş səfirinin göndərdiyi məxfi sənədi açıqlamaqda təqsirli bilib.
Xan bildirib ki, sənəddə 2022-ci ildə baş nazir vəzifəsindən uzaqlaşdırılması prosesində ABŞ-ın köməyi ilə siyasi opponentlər və hərbçilər tərəfindən hazırlanmış sui-qəsdin sübutları var. Xan 10 illik cəza elan edildikdən sonra sosial mediada tərəfdarlarını “8 fevralda öz səsləri ilə haqsızlığın qisasını almağa” çağırıb.
Aysel Şahmar