Fransa prezidenti Emmanuel Makron tərəfindən göndərilməsi istisna edilməyən hərbçilər Ukrayna sərhədlərinin təhlükəsizliyini təmin edə bilərdi.
Publika.az xəbər verir ki, bu barədə Fransanın baş naziri Qabriel Attal ölkə Senatının iclasında məlumat verib.
"Fransa ordusundan danışarkən, təlim, qurudan havaya müdafiə və ya bir sıra sərhədlərin qorunması ilə məşğul olan əsgərlərdən danışa bilərik", o deyib.
Eyni zamanda, Attal qeyd edib ki, Avropa İttifaqının (Aİ) Parisdə keçirilən dəstək konfransında Kiyevə “silah tədarükü baxımından daha da irəli getməyə” qərar verilib. Bundan başqa, baş nazir Qərb qoşunlarının Ukrayna ərazisinə göndərilməsi ilə bağlı bəyanatına görə Qərb dövlətləri tərəfindən sərt tənqid edilən Makronu müdafiə etməyə çalışıb: “Prezident məsuliyyətlə deyə bilərmi ki, prinsipial olaraq müəyyən perspektivləri istisna edir? Mən belə düşünmürəm".
Xatırladaq ki, fevralın 26-da Makron Qərb qoşunlarının Ukraynaya göndərilməsinin mümkünlüyünü açıqlayıb. Onun sözləri Parisdə dəstəklənməyib. NATO-nun baş katibi Yens Stoltenberq belə planların olmadığını bəyan edib.