Eyfel qülləsini yaradan mühəndis Qustav Eyfelin nəvələri Paris meri Ann Hidalqonun fikrinə etiraz ediblər.
QÜTB.AZ xəbər verir ki, onlar merin qüllənin fasadında 2024-cü il Olimpiya Oyunları üçün quraşdırılan olimpiya halqalarının qalıcı olaraq saxlanılması qərarına qarşı çıxıblar.
Bu barədə Eyfelin nəvələrinin cəmiyyətinin sədri Savin Yeatman-Eyfel məlumat verib.
"Paris və Fransanın simvoluna çevrilmiş Eyfel qülləsi yalnız Olimpiya Oyunları kimi bir hadisə ilə əlaqələndirilməməlidir, onun daha geniş bir mənası var" , - deyə Yeatman-Eyfel bildirib.
Xatırladaq ki, 2024-cü il Olimpiya Oyunlarının başlamasına 50 gün qalmış, iyunun 7-də Parisdə Eyfel qülləsində beş olimpiya halqası quraşdırılıb. Ann Hidalqo avqustun 31-də "Ouest-France" qəzetinə verdiyi müsahibədə olimpiya halqalarının Eyfel qülləsində qalacağını və bunun üçün Beynəlxalq Olimpiya Komitəsindən icazə aldığını bildirib.