05.01.25 | Bakı 8.03° C |
10:06:25
Lent :

Ərdəbildə Bakını təhdid edənlər kimlərdir?

03 yan 2025 00:01
GÜNDƏM
ads

İranda Azərbaycan və Türkiyəyə qarşı təhdid çağırışlarının edilməsi bu ölkənin Suriyada məğlub olması və Yaxın Şərq strategiyası-planında ciddi itkilərlə üzləşməsi ilə paralellik təşkil edir. Tədbirin Ərdəbildə keçirilməsi və “Şah İsmayıl Xətainin nəvələri” adı ilə çağırışlar edilməsi də İranın məzhəbçiliyə əsaslanan siyasətindən irəli gəlir. Və birdən çox hədəfə hesablanıb.

Birincisi, Əsədin devrilməsindən sonra Suriyada güclənən və İranın mövqelərini tamamilə nəzarətə götürən Türkiyəyə müttəfiqi Azərbaycanı hədəf seçməklə kontr-cavab verməyə çalışırlar. Bu, həm də Tehranın Ankaraya “Suriyada mənim də mövqelərimi nəzərə al” mesajını vermək, nəzərə alınmayacağı təqdirdə, “nələr edə biləcəyini” sərgiləmək cəhdidir. “Şah İsmayılın nəvələri Bakıda bayraq sancacaq” təhdidi də buna hesablanıb.

İkincisi, Güney Azərbaycan ictimai rəyində Bakıya qarşı anti-münasibət formalaşdırmaq məqsədi daşıyır. Bu, Tehranın perspektiv qorxularından qaynaqlanır. Çünki Yaxın Şərqdə “müqavimət oxu” dağıldıqdan sonra İran ətrafında çəmbər daralır və proseslərin pozitiv-neqativ olmaqla iki ssenari üzrə davam etməsi gözləntiləri artır: pozitiv – rejimin dəyişdirilməsi; neqativ – ölkənin mümkün parçalanması;

Hər iki proses İrandakı xalqların azadlığı – heç olmasa mədəni haqlarının təmin edilməsi tələblərini də aktuallaşdıracaq. Ki, güneyli soydaşlarımızın ünvanının Bakı və Ankara olacağı bəllidir. İran rejimi bu perspektivə qarşı məzhəb kartından istifadə etməyə çalışır və təbliğatın artacağı aydındır. Artıq Azərbaycan auditoriyasına hesablanmış qruplar vasitəsilə Türkiyə haqqında mənfi rəyin yaradılmasına start verilib.

Üçüncüsü, İran həm daxili auditoriyada, həm də “müqavimət oxu” coğrafiyasında diqqəti “yeni düşmənlər” üzərinə fokuslayır. Düşmən kimi Ankaranı görsələr də, Xamenei Əsədin devrilməsində Türkiyənin adını çəkə bilmədiyi kimi, mesajı da birbaşa yox, Azərbaycan üzərindən verməyə cəhd edirlər. Eyni zamanda, Tehran Yaxın Şərqdə heç nə edə bilmədiyi İsrailə qarşı fərqli istiqamətdə “cəbhə” aça biləcəyini sərgiləyir və adətən Azərbaycanın “cəbhə” seçilməsi İranda SEPAH qanadı tərəfindən edilir.

Əsas diqqətçəkən məqam İranın Bakıdakı səfirinin baş verən hadisəyə görə XİN-ə çağırılmasından dərhal sonra Tehranın rəsmi informasiya siyasətinə dəyişiklik etməsidir. “İRNA” rəsmi agentliyinin Azərbaycan xidməti Ərdəbildəki tədbirdə səslənən təhdidlərin qeyri-rəsmi şəxs tərəfindən planlaşdırılmamış şəkildə səsləndirildiyi, Tehranın rəsmi siyasətinə aid olmadığı xəbərini yaydı. Halbuki, “qeyru-rəsmi şəxs” adlandırılan “məddah” SEPAH-ın rəsmi qurumu sayılan “Ənsar əl-Mehdi Heyəti” təşkilatının Ərdəbil şöbəsinin rəhbəridir və o, təhdidlər səsləndirərkən, Ameli başda olmaqla tribunada əyləşən rəsmi şəxslər feyzyab olurdu.

İran bu təhdidlərin rəsmi mövqe olmadığını göstərmək üçün “qeyri-rəsmi şəxs” adlandırdığı rəsmi şəxsi tutduğu vəzifədən azad etməlidir. O zaman, “İRNA”nın yazdıqlarına inanmaq olar.

Asif Nərimanlı

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
135 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
8.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur