12.10.24 | Bakı 20.03° C |
10:06:25
Lent :

Dəyərini ala bilməyən məhsul: Şəninə şeirlər yazılsa, mahnılar bəstələnsə də...

08 mar 2024 13:00
GÜNDƏM
ads

İtaliyanın cənubuna - Kampaniya bölgəsinə səyahət edən hər hansı bir turistdən “Oraların simvolu nədir?” soruşsan düşünmədən “limon!” - deyə cavab verəcək. Limonun vətəni Hindistan yarımadası olsa da, bu bitki məhz oradan bütün planetə yayılsa da, İtaliyanın cənubunun subtropik iqlimi bu məhsulun şöhrətini dünyaya daha çox yayıb. Neapol, Salerno, Sorrento, Pozitano, Amalfi, Kapri adası kimi turistik məkanlar “limon birinci bizdə yetişib” deyə, məhsulun ətri, dadı, rəngi, ölçüsü, bol çeşidləri uğrunda qızğın rəqabət aparırlar.
Bölgədə keçirilən limon festivallarına dünyanın hər yerindən turistlər gəlir. Küçə ticarətində, irili-xırdalı marketlərdə, bazarlarda, suvenir dükanlarında limondan hazırlanan limonad, kokteyl, zənginləşdirilmiş likör, salatlar, isti və soyuq yeməklər, desertlər, bəzək, ev və geyim əşyaları və s. baha qiymətə satılır. Təkcə “Limoncello” içkisini almaq üçün turistlər 28-45 avro arası pul ödəyirlər. Bölgə limondan və digər sitrus bitkilərindən hazırlanan məhsulları xarici ölkələrə ixrac edir. İtaliyanın cənubunda qapısında limon ağacı olmayan italyan tapmaq çətindir.

Lənkəran limonunun şəninə mahnılar, şeirlər yazılsa da...

Bizim ölkəmizdə də cənub zonası ta qədim vaxtlardan subtropik iqliminə görə sitrus meyvələrinin vətəni sayılır. Ordubad şəhəri də limonunun fərqli ətri ilə bu siyahıda yer alıb.

Məlumatlara görə, son 10 il ərzində ölkəmizdə sitrus bitkilərinin əkin sahələri çoxaldılıb. Təkcə cənubda bu, 3 min hektar sahəni əhatə edir.
Təəssüf ki, bu bölgələrdə yetişdirilən limonun şöhrəti, məhsulun ətri və dadı ilə qətiyyən müqayisəyə gəlmir. Baxmayaraq ki, Lənkəran limonunun şəninə mahnılar, şeirlər yazılıb, ancaq bu məşhurluq yalnız Rusiya bazarlarına qədər gedib çıxa bilib...

Fermerlərin əlində qalan məhsul

Fermerlər də bu fikri təsdiqləyirlər. Lənkəranlı fermer Hubeydə Abıyeva limonumuzla maraqlananların az olduğunu deyir: “Limon yalnız çay və bəzi yemək süfrələrində işlənir. Limonun sağlamlıq üçün böyük əhəmiyyəti var. Bu baxımdan əczaçılıq sənayesində geniş istifadə oluna bilər. Kulinariyada limon tərkibli çox məhsullar hazırlamaq olar. Heyif ki, min bir əziyyətlə yetişdirdiyimiz məhsulun çeşidli istifadəsi yoxdur”. Fermer məhsulu sata bilmədiklərindən də şikayətlənir: “Məhsulun satışı üçün bazar olmalıdır. Gərək istehsal müəssisələri olsun ki, məhsulu bizdən alıb istifadə etsinlər. Əziyyətlə yetişdiririk, amma sata bilmirik, əlimizdə qalır…”

Limondan şirə, şərbət, mürəbbə hazırlamaq olar

Tovuzda yaşayan fermer Sahib Qasımov öz təsərrüfatını yaradaraq iki sort limon yetişdirir: “Əslində, Tovuz torpağı subtropik olmadığından limon yetişdirilməsi üçün münbit sayılmır. Amma çətinliklə də olsa təxminən 3-5 min limon yetişən istixana yaratmışam. Təsərrüfatı böyütmək üçün vəsait, qışda şaxtadan qorumaq üçün şərait lazımdır. Yetişdirdiyim məhsulu yalnız marketlər və toy şənlikləri üçün alırlar. Bizdə limon 5-10 qəpiyə satılır. Amma bu məhsulu daha dəyərli etmək, geniş məqsədlərlə istifadəsinə şərait yaratmaq olar”. Fermer hesab edir ki, məhsuldan həmçinin şirə, şərbət, mürəbbə və s. məhsullar hazırlamaq olar: “Bu məhsullar xaricdən gətirilib marketlərdə satılır. Başqa ölkələrdə limonçuluq daha gəlirli sahəyə çevrilib. Biz isə məhsuldan lazımınca istifadə edə bilmirik”.

Problemlərdən biri də mütəxəssis çatışmazlığıdır

Araşdırmamız zamanı öyrəndik ki, sitrus meyvələrinin yetişdirilməsi sahəsində mövcud problemlərdən biri də mütəxəssis çatışmazlığıdır. Aqrar elmləri üzrə fəlsəfə doktoru Xalıqverdi Babayev bildirir ki, fermerlərin əksəriyyəti indi qeyri-ixtisas sahibləri, tarix, ədəbiyyat və ya digər fənn müəllimləridir: “Əvvəllər Lənkəranda Subtropik Texnikumda kadrlar yetişdirilirdi, indi onun da fəaliyyəti dayanıb”. Mütəxəssis ümumiyyətlə limonun təbliğinin olmadığını bildirir: “Bizim regionda limonun şöhrəti ona görə artmır ki, emal texnologiyası, yeni innovativ texnologiyalar, aqrar sənaye kompleksi yoxdur. Əvvəllər fəaliyyət göstərən müəssisələrdə sitrus bitkilərindən müxtəlif çeşidli məhsullar hazırlanırdı. İndi bu cür müəssisələr də yoxdur”. Alimin sözlərinə görə, son illər Azərbaycana Türkiyədən limon tingləri gətirilir. Amma onların bizim şəraitə uyğunlaşması çətindir.

Düzgün marketinq strategiyası olarsa...

Turizmçi Əfsun Əhmədovun sözlərinə görə, Azərbaycanın coğrafi iqlimi, landşaftı nəinki sitrus bitkilərinin, bütün meyvə və tərəvəzlərin yetişdirilməsinə imkan verir: ”Narla bağlı Göyçayda, sitrus bitkiləri ilə bağlı Lənkəranda bayramlar keçirilir, amma bunlar lokal xarakter daşıyır. Yəni yalnız özümüz üçün keçirilir”. Ə.Əhmədov turizm şirkətlərinin turistlərə yeni paketlər təqdim etməyə çalışdığını desə də, bu istiqamətdə strategiyanın düzgün qurulmadığını bildirir: “Bu işin daha düzgün marketinq strategiyası olsa, biz turizmçilər də onu inkişaf etdirə bilərik. Bu gün İtaliyanın limon yetişdirilən bölgəsinə dünyanın hər yerindən turistlər gedir. Bizdə də bu məhsullar var, ancaq təəssüf ki, düzgün təbliğ edə bilmirik. Bu, hansısa xırda şirkətlərin görə biləcəyi iş deyil”. Turizmçi hesab edir ki, ümumiyyətlə, hər bölgənin özünəməxsus məhsullarının təbliğinə ehtiyac var: “Fikrimcə, artıq turist cəlbində də standartlıqdan çıxmalıyıq. Turisti ənənəvi paketlərdən kənara çıxarmalıyıq. Belə yanaşma olsa, həmin bölgələrin turizmi də inkişaf edər. Bu strategiya işləsə, Azərbaycanın elə bir bölgəsi olmaz ki, orada inkişaf olmasın”. ("Kaspi" qəzeti)


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
131 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
20.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur