Bu gün böyük fikir adamının doğum günüdür
Bu gün kiçik hekayələrindən tanıyıb sevdiyimiz, böyük fikir adamının doğum günüdür. Onun doğuluşu bir ailə, bir kənd üçün deyildi. İllər sonra o, Azərbaycan ədəbiyyatında bir söz adamı olaraq yenidən doğulacaq idi. Azərbaycan ədəbi tənqidi fikrini formalaşdıran böyük yazıçı, Mirzə Cəlilin fevral ayının 10-u 156 yaşı tamam olur. 63 il ömür sürsə də Azərbaycan ədəbi tənqidinə, Azərbaycanda maarifçilik hərəkatının ən öncül, ən mütəhərrik fikir adamlarından biri idi. Elə bilirəm, böyük söz adamının həyat yoluna səyahət etmək hər birimiz üçün maraqlı olar.
Cəlil Məmmədquluzadə 1869-cu ilin fevral ayının 10-da Naxçıvanda dünyaya göz açıb. Ailəsi firavan yaşamasa da atası Məşədi Məmmədqulu övladının təhsil almasına xüsusi diqqət yetirir, onu kiçik yaşlarından mollaxanaya qoyur. Xatirələrindən, eləcə də əsərlərindən məlum olur ki, onun burada oxuması ərəb və fars dillərini öyrənməsinə vəsilə olur. Lakin onun dünyagörüşünün formalaşmasında Qori Müəllimlər Seminariyasında aldığı təhsil mühüm rol oynayır. Ədibin ilk qələm təcrübəsi müəllim işlədiyi vaxt formalaşmağa başladı. Sözə və yazıya olan sevgi onun yolunu "Şərqi-rus" qəzetinə salır. Və bu mətbu orqanında onun bir çox hekayələri kimi "Kişmiş Oyunu", "Poçt Qutusu" işıq üzü görür. Artıq zəngin təcrübə toplayan yazıçı və publisist kimi tanınan Cəlil Məmmədquluzadə təkcə xalqımızın deyil, qonşu xalqların, bütün müsəlman Şərqinin milli oyanışına güclü təsir edən “Molla Nəsrəddin” jurnalını yaradır. İlk nömrəsi 7 aprel 1906-cı ildə nəşr olunan bu jurnal insanların maarifləndirilməsində misilsiz rol oynayır. "Molla Nəsrəddin" cəmiyyətin tərəqqisinə mane olan nə varsa, kəskin tənqid edir. Yazıçının nəsr əsərləri bu gün də oxucuların diqqətini cəlb edir. Onun "Danabaş Kəndinin Əhvalatları" povesti Azərbaycan kəndinin və kəndlisinin vəziyyətini, həyat tərzini, düşüncəsini parlaq boyalarla əks etdirir.
Cəlil Məmmədquluzadə eyni zamanda kiçik hekayələrin böyük ustadıdır. Onu hər zaman kiçik adamların taleyi, düşüncəsi maraqlandırır. Adi poçt qutusundan istifadəni bilməyən Novruzəli, aciz Usta Zeynal o dövrkü təhsilsiz və mövhumat mühitində yaşayan sadə adamların obrazı idi. Onun hekayələrində qadın azadlığı, dilin təmizliyi, dini savadlılıq təqdir edilir. Dini mövhumatı isə kəskin satirik dillə tənqid edirdi. Ədəbiyyatımızın zəngin ənənələrindən ustalıqla bəhrələnən yazıçının qiymətli dramaturji irsi var. Bir tərəfdən təsirli satira, sarkazm, digər tərəfdən gülüş bu əsərlərin ideya-məzmununun əsasında dayanır.
İnsanların maariflənlənməsi, ziyalı fikri Mirzə Cəlil yaradıcılığında bir qırmızı xətt kimi keçir. Onun "Anamın kitabı" tragikomediyasında xalqa yadlaşan ziyalı, ana dilinə və milli məfkurəyə xor baxan dırnaqarası ziyalıları kəskin tənqid edirdi.
Gülbaharın sualı dərin rəmzi məna daşıyır: "...adamlar niyə hərə bir yana gedir? Niyə hamısı bir yerə getmir, niyə hərə bir tərəfə gedir?
Əziz Mirəhmədovun da qeyd etdiyi kimi "Onun hekayələrində gülüşlə bərabər, göz yaşı da var..."
GÜNEL AYXAN