İyunun 27-si saat 10:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində qeyri-sabit, küləkli, yağıntılı hava şəraiti müşahidə olunub.
Bu barədə Publika.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, bəzi yerlərdə leysan xarakterli yağış yağıb, şimşək çaxıb. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclü olub. Şimal-qərb küləyi bəzi yerlərdə arabir güclənib.
Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 9 mm-dək (aylıq normanın 90%-i), Lənkəran-Astara zonasında 45-83% (aylıq normanın 102-182%-i), Dağlıq Şirvan bölgəsində 10-47 mm (aylıq normanın 80-104%-i), Balakən-Şəki bölgəsində 17-45 mm (aylıq normanın 40-72%-i), Qazax-Gəncə bölgəsində 10-31 mm (aylıq normanın 25%-i), Mərkəzi aran rayonlarında 34 mm-dək (aylıq normanın 78-131%-i), Quba-Qusar bölgəsində 31 mm-dək (aylıq normanın 62%-i), Qarabağ və Şərqi Zəngəzur bölgəsində 12 mm, Naxçıvan MR-da isə 10 mm-dək olub.
Yağan intensiv yağışlar nəticəsində iyunun 27-də gecə saatlarında Astara rayonu ərazisindən axan Təngərüdçaydan, səhər saatlarında isə Şabran rayonu ərazisindən axan Gilgilçaydan, Qobustan rayonu ərazisindən axan Pirsaatçaydan sel keçir. Ölkə ərazisində iyunun 26-da müşahidə olunan güclü şimal-qərb küləyi səhər saatlarından zəifləyib.
İyunun 27-gündüz və 28-də ölkə ərazisində hava şəraitinin sabitləşəcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək.