Birləşmiş Millətlər Təşkilatı çərçivəsində fəaliyyətini davam etdirən Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adanom Qebreyesus yeni epidemiya ilə bağlı xəbərdarlıq edib.
Publika.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Qebreyesus Davosda qatıldığı sessiyada diqqətçəkən açıqlamalar verib.
ÜST-in baş direktoru bildirib ki, "Xəstəlik X" koronavirusun yayılmasından 20 dəfə daha ölümcül ola bilər. Tedros Adanom Qebreyesusun sözlərinə görə, 2021-ci ilin əvvəlində bu xəstəliklik bağlı təhlil dərc olunub. Təhlilə əsasən xəstəliyin 75 milyon insanın ölümünə səbəb ola biləcəyi və hər 5 ildən bir yeni epidemiyaya çevrilə biləcəyi qeyd olunub.
Davosda keçirilən Dünya İqtisadi Forumuna qatılan Qebreyesus ölkələri diqqətli olmağa səsləyib.
"Ümid edirəm ki, may ayında bütün ölkələr ümumi düşmən olan pandemiyaya qarşı razılığa gələcəklər. Baş verə biləcək naməlum məsələlər var və onun olub-olmaması deyil, nə vaxt olacağı önəmlidir. Odur ki, bilmədiyimiz xəstəliklər üçün bir araya gəlməyə ehtiyacımız var. COVİD-19 zamanı çoxlu insanı itirdik, çünki onları idarə edə bilmədik. Onları xilas etmək olardı, amma yer yox idi. Kifayət qədər oksigen yox idi", - qlobal konfransda çıxış edən Tedros Qebreyesus bildirib.
ÜST rəsmisi əlavə edib ki, razılaşdırılmış ortaq müdaxilə dünyanın başqa bir pandemiya ilə daha yaxşı mübarizə aparmasına kömək edəcək.
"Baş verə biləcək bir şeyi proqnozlaşdırmaq yaxşıdır, çünki bu, tariximizdə dəfələrlə olub və buna hazırlaşmaq lazımdır. Bu hallara qarşı hazırlıqsız olmamalıyıq, naməlum olmasına baxmayaraq, onlara qarşı hazır ola bilərik", - o, yekunda qeyd edib.
Aytən Məftun