Ukraynanın Kiyev vilayətinin Fastiv şəhərində güllələnən azərbaycanlılarla bağlı hadisənin təfərrüatı və hadisəni törədənin kimliyi məlum olub.
Qutb.az Report-a istinadla xəbər verir ki, hadisəni törədən şəxs 1973-cü il təvəllüdlü, Ukrayna vətəndaşı, Fastiv şəhər sakini İvanenko Oleksandr Volodimiroviçdir.
O, 2022-ci ilin yazından 2023-cü ilin payızına qədər Ukrayna ordusunda döyüşüb.
Kiyev vilayət prokurorluğunun rəhbəri Dmitro Prokudin isə bildirib ki, hadisə avqustun 31-də baş verib və qətli törədən şəxslə küçədə qarpız satan şəxslər arasında insident yaşanıb.
O qeyd edib ki, qarpız satan şəxslər etnik azərbaycanlılardır və Ukrayna vətəndaşlarıdır:
"Bu, ata Fərman Rəhimov və oğlu İsmayıl olub. Onlara yaxınlaşan həmin şəxslə söhbəti zamanı aralarında münaqişə yaranıb. Yaxınlaşan şəxs keçmiş hərbçi olub. Mübahisə münaqişəyə çevrilərkən 52 yaşlı Fastiv sakini evinə gedərək tapança götürüb, geri qayıdaraq ata və oğulu güllələməyə başlayıb. Nəticədə İsmayıl Rəhimov dünyasını dəyişib. Yaralı ataya lazımi köməklik göstərilib. Xoşbəxtlikdən onun zədəsi ciddi deyildi və o qədər də ağır nəticələrə səbəb olmayıb. O, artıq xəstəxanadan çıxıb, indi oğlunun dəfni ilə məşğuldur".
Prokuror deyib ki, hadisə yerinə ilk olaraq təsadüfən həmin ərazidə olan polis əməkdaşı gəlib:
"Həmin an o, xidmətdə olmayıb, amma vətəndaşlıq borcunu yerinə yetirib. Polis əlisilahlı şəxsi dərhal saxlayıb. Sonra hadisə yerinə digər hüquq-mühafizə orqanlarının nümayəndələri gəlib, hücum edən şəxsi həbs ediblər".
Dmitro Prokudin həmin şəxsə qarşı Ukrayna Cinayət Məcəlləsinin üç maddəsi ilə ittiham irəli sürüldüyünü vurğulayıb:
"Bu maddələrin ən ağırı iki və ya daha çox şəxsi öldürməyə cəhddir. Məhkəmə onu təqsirli bildiyi halda, bu maddələr ilə onu ömürlük həbs cəzası gözləyir.
Bütün lazımi ekspertizalar təyin edilib. Hazırda ibtidai istintaqda bu cinayətin irqi və ya milli ədavət və ya düşmənçilik zəminində törədildiyi barədə heç bir hal və ya əsas müəyyən edilməyib".