Avropa İttifaqı iyulda Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya 1,5 milyard avro köçürməyi planlaşdırır.
Publika.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen Berlində keçirilən beynəlxalq konfransda bildirib.
Onun sözlərinə görə, qeyd olunan vəsait Ukraynanın müdafiəsini gücləndirmək və ölkənin bərpasına sərf olunacaq.
Avropa Komissiyasının sədri əlavə edib ki, bu məbləğin 90%-i hərbi xərclərə, 10%-i isə Ukraynanın infrastrukturunun bərpasına yönəldiləcək. Von der Leyen həmçinin xatırladıb ki, G7-nin qarşıdan gələn sammitində ölkə liderləri Rusiyanın dondurulmuş qalan vəsaitlərinin Kiyevə köçürülməsi imkanlarını müzakirə edəcəklər.
Xatırladaq ki, may ayında Aİ ölkələri Rusiyanın aktivlərinin müsadirə edilməsi prosedurunu Ukraynanın xeyrinə təsdiqləyib. Çexiyanın xarici işlər naziri Yan Lipavskinin sözlərinə görə, bu sxem bu il 3 milyard avroya qədər vəsait almağa imkan verəcək.
Vazeh BƏHRAMOĞLU