ABŞ-ın 47-ci prezidenti seçilən Donald Tramp yeni dövrdə İranın nüvə proqramını dayandırmaq üçün müxtəlif variantları nəzərdən keçirir.
QÜTB.AZ xəbər verir ki, bunlara iqtisadi sanksiyalarla yanaşı, yeni müharibənin qapısını aça biləcək hava zərbələri də daxildir.
ABŞ-ın “Wall Street Journal” (WSJ) qəzetinin məlumatına görə, Trampın komandası bunun üçün “maksimum təzyiq 2.0” strategiyası üzərində işləyir.
Suriyada Bəşər Əsəd rejiminin devrilməsi, İsrailin "Hizbullah" və HƏMAS-ı zəiflətməsi ilə İran regionda gücünü itirib. Trampın keçid komandası Tehranın bu prosesdə nüvə silahı inkişaf proqramını sürətləndirə biləcəyindən narahatdır. Yeni strategiya çərçivəsində İrandakı bəzi nüvə obyektlərinə hava zərbələrinin endirilməsi variantı da nəzərdən keçirilir.
İlk prezidentliyi dövründə Tramp İranın nüvə proqramı ilə bağlı mübahisələrdə birbaşa güc tətbiq etmədi, sanksiyalara və diplomatik təzyiqlərə üstünlük verdi. Ancaq rəsmilər bu siyasətin Yaxın Şərqdəki dəyişikliklərlə fərqli müstəviyə keçə biləcəyinə diqqət çəkirlər. Digər tərəfdən, bu planın hələ ilkin mərhələdə olduğu bildirilir.
Vaşinqton bölgəyə daha çox hərbi gəmi və reaktiv təyyarələr göndərməklə, İsrailin müdafiəsini gücləndirməklə Tehranı qorxutmaq variantını da nəzərdən keçirir. Bundan əlavə, yeni iqtisadi sanksiyalar və diplomatik təzyiqlər İranın nüvə proqramının qarşısını almağa yönəlib.
Tramp onu "ilin adamı" adlandıran "TIME" jurnalına verdiyi müsahibədə ABŞ-ın İranla müharibə edib-etməyəcəyi ilə bağlı "Hər şey mümkündür. Vəziyyət çox axıcıdır" deyib.
Aysel Şahmar