05.11.25 | Bakı 13.03° C |
10:06:25
Lent :

Zəfərin dili... Dilin zəfəri...

04 noy 2025 23:00
MƏDƏNİYYƏT
ads
Advertisement

Dünən, qardaş Özbəkistanın Səmərqənd şəhərində keçirilən UNESCO-nun 43-cü Baş Konfransında 15 dekabr – Dünya Türk Dili Ailəsi Günü haqqında qərar qəbul edildi. Bu qərar qardaş Türkiyənin digər qardaş dövlətlərlə birlikdə hazırladığı və 26 ölkənin birgə təqdim etdiyi ortaq təşəbbüsün nəticəsidir. Əlbəttə, türk dillərinin tanıdılması üçün çalışmaları yüksəldən belə bir addım, tarixi səciyyə və səviyyə daşıyır və olan türk dilinin qorunması, gələcək nəsillərə ötürülməsi yönündə işbirliyini daha da gücləndirəcəkdir. Biz ortaq keçmişdən ortaq gələcəyə məhz ortaq yaddaşla, deməli, ilk sırada dil yaddaşı ilə gedə bilərik. Bizim bu yeni Günümüz – UNESCO-nun qərarı – əslində, öz dilinə biganə olmayan bütün xalqların bölüşə biləcəyi bir gözəllikdir.


Bəli, bundan sonra hər təqvim ilinin son ayının 15-i Dünya Türk Dili Ailəsi Günü olaraq vurğulanacaq, bizim – Türk dünyasının dil bayramı olacaq. Bu məqamda, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin ailə vurğusu edən çox vacib və mövzumuza tam uyğun düşüncələrini yada salmaq istərdim:


“Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”. – Dövlət başçımız 2024-cü il fevralın 14-də Milli Məclisdəki Andiçmə mərasimində belə deyirdi.  Hər iki ailə vurğusu özünəxas dərin məzmun və üfüqgenişliyi daşıyır.  Əgər qəbul etsək ki, bu dünyada təsadüf yoxdur, o zaman dünən başqa bir tarixi çıxışı da Prezident İlham Əliyevin 2024-cü ilin ikinci ayındakı çıxışı ilə eyni səviyyədə, səciyyədə tuta bilərik. Azərbaycanın dövlət başçısının Milli Elmlər Akademiyasının 80 illik yubiley ilə bağlı tədbirdəki çıxışında bütün digər vacib istiqamətlərlə yanaşı, dilimizin saflığı, qorunması məsələlərinə də tarixi vurğular vardı:


“Azərbaycan dili çox zəngin dildir. Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir. Ancaq təmiz, saf, ədəbi Azərbaycan dilinin qoruyucuları bizik – müstəqil Azərbaycan dövləti. Mən azərbaycanlıların yaşadıqları müxtəlif bölgələrdə vəziyyətlə müntəzəm surətdə olaraq tanış oluram, diqqətdə saxlayıram, lazımi tədbirlər görürəm. Görürəm ki, bəzi yerlərdə bizim ədəbi dilimiz digər ölkələrdə yaşayan azərbaycanlılar arasında itirilir. Daha çox məişət dili kimi istifadə olunur, xarici kəlmələrlə dolu olur. Ona görə biz öz dilimizi qorumasaq, dilimizi təmiz, saf saxlamasaq, onda yavaş-yavaş dilimizi itirə bilərik. Hər bir millət, hər bir xalq üçün onun Ana dili onun milli mənsubiyyətinin əsas amilidir və bu istiqamətdə bütün ictimai fəallar, bütün ictimaiyyət bir nöqtəyə vurmalıdır. Bizim dilimiz qədimdir. Yenə də deyirəm, 50 milyondan çox insan üçün Ana dilidir, çox zəngindir və xarici kəlmələrə ehtiyac da yoxdur. Düzdür, beynəlxalq leksikon var və hər birimiz bu leksikondan istifadə edirik. Amma əgər Azərbaycan dilində əzəli bir kəlmə varsa, başqa dildən kəlməni gətirib əvəzləmək nə məqsəd daşıyır? Bu, ya səhvdir, ya təxribatdır. Hər ikisi də qəbuledilməzdir”.


​Prezidentin Akademiyadakı nitqini dinləyən, oxuyan hər kəs, oradan obyektiv nəticələr, vəzifələr çıxara bilər. Nitqin Zəfərimizlə, tariximizlə, mədəniyyət coğrafiyamızla, həqiqətlərimizlə, qarşıda duran hərtərəfli quruculuq vəzifələri ilə, o cümlədən elmi yeniliklərlə bağlı bölümləri də dövlət dilimizlə bağlı tapşırıqları özündə daşıyır. Biz öz dilimizdə, türkcəmizdə qalib gəlmişik. – Zabitimiz əsgərimizə “İrəli”dən öncə “Ardımca!” deyir, bir sözlə, sözünü öz türkcəmizdə buyururdu. Cəbhədə vurulmuş, götürülmüş, indi Hərbi Qənimətlər Parkında sərgilənən düşmən texnikası başqa dildəydi... İşğalçının tunelləri, səngərləri, minaları, silah-sursatı, ərzaqı, palı-paltarı başqa dildəydi, başqa dildəydi... Zəfərimiz tamamən türkcəydi, öz ailəmizcəydi; qələbəmizi özümüz qazandıq; öz şəhidlərimiz, öz qazilərimiz, öz ordumuz Ali Baş Komandanımızın buyruğu əsasında olmazları olar etdi! Zəfərimizin işığı da bütün Türk dünyasına düşdü – bilənlər bilir; az sonra (21 yanvar, 2021) Türkmənistanla anlaşmamız oldu. Bizim “Kəpəz”, türkmən qardaşlarımızın “Sərdar” dediyi neft-qaz yatağı “Dostluq” adı ilə birgə çıxarıma verildi. Bir qədər keçdi Azərbaycan – Türkiyə arasında tayı-bərabəri olmayan “Şuşa Bəyannaməsi” imzalandı (15 iyun 2021) və o, digər qardaşlarımıza da ilham qaynağı oldu. Zəfərin birinci ildönümündə isə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası Türk Dövlətləri Təşkilatına çevrildi və həmin tarixi qərarın verildiyi toplantıda Azərbaycan Prezidentinə məhz Zəfər vurğusu ilə “Türk Dünyasının Yüksək Ordeni” verildi (12 noyabr 2021)!

Təməli 2009-cu il oktyabrın 3-də imzalanmış Naxçıvan Sazişi ilə qoyulan Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü ötən ayın 7-də Qəbələdə keçirildi. Azərbaycan ailəmizin güclənməsi üçün dünən çalışıb, bu gün çalışır, gələcəkdə də çalışacağı Gün kimi, elə həm də Dünya Türk Dili Ailəsi Günü kimi aydındır!
1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı da bugünlərə– ötən ayın 22-nə təvafüq edir.
Yeri gəlmişkən, hər halda o da heç təsadüfi deyil ki, AMEA-nın ulu Nəsiminin adını daşıyan Dilçilik İnstitutunun son illərdəki ən möhtəşəm işi “Türk dilləri sözlüyü”nü (“Divanü Lüğat-it-Türk”ü‎) – Türk dünyasının ilk ensiklopedik əsərini nəşr etməsidir. Söhbət, Türk dünyasının böyük bilgini, XI yüzildə yaşayıb-yaratmış Qaşqarlı Mahmudun 1072-1074-cü illər arasında Bağdadda yazdığı türkcə-ərəbcə sözlüyün akademik nəşrindən gedir. Belə ki, ötən yüzilin 30-cu illərində keçmiş SSRİ Elmlər Akademiyasının Azərbaycan filialında işləmiş özbəkəsilli Azərbaycan alimi Xalid Səid Xocayev Qaşqarlı Mahmudun bu ünlü əsərini türkologiya tarixində ilk dəfə ərəb dilindən Azərbaycan dilinə çevirib. Xocayev bundan sonra “əksinqilabi pantürkist təşkilatın üzvü kimi, həm də Türkiyənin xeyrinə kəşfiyyat işi aparmış şəxs” damğası ilə ittiham olunaraq, 1937-ci ildə güllələnib. Alimin evində axtarış aparılan zaman “Divan” üzə çıxmayıb, itmiş sayılıb. Türk dünyasının ən qiymətli kitablarından biri olan bu ensiklopedik əsəri 86 il sonra – 2023-cü ildə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru Prof.Dr. Nadir Məmmədli institutun arxivindən tapıb.


Sonra “Divanülüğat-it-türk” 3 cilddə akademik nəşrə hazırlanıb və nəfis şəkildə gün üzü görüb. Bu böyük hadisə nəinki 2024-cü ildə “Divanü lüğat-it-türk”ün yazılmasının 950 illiyinə, ümumən türkologiyaya, dilçiliyə dəyərli töhfədir.


Türkcənin bizə bəlli ən qədim sözlüyü, bu gün də, dəyərlidir, önəmlidir, yəqin gələcəkdə də belə olacaq.
Bəli, “Divanü lüğat-it-türk”ün Akademiyanın 80 illiyinə də dəyərli töhfə olduğunu deyə bilərik. Sanki zaman özü onu bu ərəfədə üzə çıxardıb... –  Azərbaycanın tarixi Zəfərindən sonra, ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olunduqdan sonra və AMEA-nın Zəfərsonrası ilk yubileyi ərəfəsində...– Mən bu kimi işlərə təsadüf yox, təvafüq kimi, kainatın ruhunun üzə vurması (təcəllası) kimi baxıram...

“Mən bütövlükdə bildirmək istəyirəm ki, elm iqtisadiyyatla, sənaye ilə sıx bağlı olmalıdır. Burada bu kürsüdən dövlət strukturlarına da göstəriş vermək istəyirəm ki, Azərbaycan alimləri ilə daha sıx işləsinlər”. – Bu sözlər də, dövlət başçımızın Akademiyadakı nitqindəndir. Bu sözlər, elə bilirəm, həm də, dilimizin elmlə, iqtisadiyyatla, sənaye ilə sıx bağlı olmasını göstərişini, tapşırığını da daşımaqdadır.
Yuxarıda da vurğuladığımız kimi, həmin proqram xarakterli, tarixi nitqdə bir neçə istiqamət önplana çıxarıla bilər:
-Tarix,
-Mədəniyyət coğrafiyamız,
-Süni intellekt,
-Rəqəmsallaşma,
-kibertəhlükəsizlik,
-hərbi sənaye,
-İqtisadiyyat,
-Zəngəzur dəhlizi,
-İşğaldan azad edilmiş ərazilərdə tikinti-quruculuq, abadlıq işləri və s. – Bax, bütün bu və bənzəri sahələrin hər birində dövlət dilimiz tətbiq imkanları, dərinliyi, üfüqötəsi ilə iştirak etməli, yaradıcılığımız doğma dilimizdə olmalı, öz dilimizdə qanadlanmalıdır. Dilimiz yaddaşımızdır, ruhumuzdur. Zəngəzuru, Göyçəni başqa dildə necə belə dərindən duya, duydura bilərik? Ulusumuzun kədəri də, sevinci, həyəcanı da, gələcəyi də öz dilimizdəki dərinliyi, üfüqü ilə doğmadır, əzizdir...

“Azərbaycan xalqının tarixi, dövlətçilik tariximiz, xalqımızın qurub-yaratma qabiliyyəti çoxəsrlidir. Azərbaycan xalqı böyük coğrafiyada yaşayıb və yaşayır. Təkcə onu demək kifayətdir ki, bizim hüdudlarımızın o tayında hər istiqamət üzrə Azərbaycan əhalisi yaşayır”. – Bax, bu, əvəzsiz sözlər hər tərəfdən öz tarixi torpaqları, öz mədəniyyət coğrafiyası ilə həmhüdud olan respublikamızın vətəndaşlarının dilinin, ruhunun, ruhi gücünün, tarixinin, mədəniyyətinin, ləyaqətinin dərəcəsini, keyfiyyətini, üfüqünü göstərir. Bizim dilimizin həmhüdud ərazilərdə məişət səviyyəsinə düşməməsi üçün elmlə mədəniyyətin, dövlətlə vətəndaş cəmiyyəti institutlarının, yaradıcı qüvvələrin birgə çalışmaları gərəkdir, gərəkdir, gərəkdir.

“Bir neçə gündən sonra biz tarixi Zəfərimizin beş illiyini qeyd edəcəyik. Hərbi parad təşkil ediləcək. Beş il əvvəl, 2020-ci ilin dekabrında Zəfər paradı keçirilmişdir. 2023-cü ildə Xankəndidə hərbi parad keçirilmişdir ki, Azərbaycanın suverenliyi tam bərpa edilmişdir. Bir neçə gündən sonra Azadlıq meydanında hərbi paradın keçirilməsi böyük hadisədir, qürurverici hadisədir. Azərbaycan xalqı bu Şanlı Zəfərlə bundan sonra əbədi fəxr edəcək.
Mən sizi, bütün Azərbaycan xalqını həm Milli Elmlər Akademiyasının 80 illiyi münasibətilə, həm də qarşıdan gələn Zəfər Günü və Bayraq Günü münasibətilə təbrik edirəm. Sizə cansağlığı, uğurlar arzulayıram”! – Dilimizin, dövlətimizin qayğısını çəkən Müzəffər Ali Baş Komandan belə dedi, belə bayramlaşdı.

DİLİMİZ DƏ, DÖVLƏTİMİZ DƏ ZAVAL GÖRMƏSİN!
 
Əkbər QOŞALI

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
159 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
13.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur