Qəbul imtahanınadək mənim mobil telefonum olmayıb. Fikirləşmişəm ki, bu, fikrimi dərslərdən yayındırar. İmtahana hazırlıq zamanı da telefondan istifadəyə ehtiyac duymurdum. Lazım olan vaxtlarda isə valideynlərimin telefonundan istifadə edirdim. Amma imtahandan sonra düşündüm ki, artıq telefondan istifadə edə bilərəm.
Qutb.az xəbər verir ki, bunu "Azərbaycan müəllimi"nə iyulun 13-də IV ixtisas qrupu üzrə keçirilmiş imtahanın nəticələrinə əsasən ölkə birincisi olan Şəki rayonu Orta Zəyzid kənd 1 nömrəli tam orta məktəbin məzunu Abdulsəmədli Orxan deyib.
Onun sözlərinə görə, imtahanın birinci mərhələsində 300, iyulun 13-də keçirilmiş imtahanda 400 bal toplayıb. Lakin IV qrup üzrə keçirilmiş ilk cəhd imtahanında ümumilikdə 693,5 bal toplayıb:
"Birinci imtahanı verdikdən sonra ikinci dəfə də özümü sınamağa qərar verdim, ancaq imtahanlar arasındakı dövrdə ciddi hazırlaşmadım, yalnız təkrarlar edirdim. Bu nəticəni də toplayacağımı gözləyirdim. Çünki imtahandan sonra cavabları yoxladıqda balımın elə bu qədər olacağını öyrəndik".
Ölkə birincisi deyir ki, imtahanın cavablarının açıqlandığını eşitsə də, sistem yükləndiyindən nəticəni özü dərhal öyrənə bilməyib:
"Müəllimim xəbər saytında verilən məlumatda görüb ki, yüksək bal toplayanların adları arasında mənim də adım var. Həmin səhifənin ekran görüntüsünü çəkərək mənə göndərdi".
Orxan bildirir ki, Azərbaycan Tibb Universitetində “Müalicə işi” ixtisası üzrə təhsil alacaq:
"Həkim olmaq mənim uşaqlıq arzumdur. Bu peşə sahiblərinə qibtə edirdim. Şərəfli peşədir, artıq özüm də o peşənin sahibi olacağam".
ATU-nun gələcək tələbəsi əlavə edir ki, gələcəkdə rezidentura təhsilini xaricdə davam etdirməyi planlaşdırır. Hələlik isə onun planı yalnız istirahət etməkdir:
"Yeni tədris ili başlayana qədər istirahət edəcəyəm və özümü yeni dərs ilinə hazırlayacağam".