“Ümumi təhsil haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, müəllimlərin əməkhaqqı dərs saatına deyil, iş saatına uyğun müəyyənləşdiriləcək.
Ötən gün parlamentin bir neçə komitəsinin ortaq iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı elm və təhsil naziri Emin Əmrullayev də bunu təsdiqləyib.
"Bizim sertifikatlaşdırma yanaşmamızın növbəti mərhələsində (2027–2030-cu illər) əsas məqsəd müəllimlik peşəsində saatlıq, yarımştat, təsadüfi dərs demə praktikasını aradan qaldırmaqdır. Müəllimlərin işini daimi və peşəkar əsasda qurmaq lazımdır. Necə ki, hər birimizin 9:00–18:00 iş qrafiki varsa, müəllimlər üçün də daimi iş modeli yaradılmalıdır.
Bu model tamamilə könüllü olacaq. Heç kəs məcbur edilməyəcək. Rəqabətli, yüksək maaşlı, tam iş günü olan müəllim modeli formalaşdırılacaq. Həmin müəllimin həftəlik dərs yükü 18–24 saat olacaq, qalan saatlarda isə təhsillə bağlı digər fəaliyyətlə məşğul olacaq – məsələlər hazırlayacaq, valideynlərlə işləyəcək, şagirdlərlə fərdi yanaşmalar quracaq və s.
Bu vəzifəyə yalnız sertifikasiyada yüksək nəticə göstərmiş müəllimlər seçiləcək. İstəməyənlər isə yenə də sovet dövründən qalmış saatlıq sistemdə - "stavka" əsasında fəaliyyət göstərə bilər.
Ancaq biz anlamalıyıq ki, bu sistemin alternativi yoxdur və “stavka” sistemi artıq özünü doğrultmur. Bu, dəyişməli və 100 illik köhnə təcrübədən qurtulmalı islahatdır", - nazir qeyd edib.
Yeni dəyişiklik bir sıra suallar doğurur: məsələn, hər gün 9 saat işləyən müəllimlərin maaşı nə qədər artacaq?
Qutb.az-a açıqlamasında sabiq deputat Sona Əliyeva bildirib ki, dünyada müəllim maaşının iş gününə görə hesablanması normal təhsil modelidir.
“Amma bu ölkələrin hamısında iş günü strukturlaşdırılıb. Müəllimin neçə saatı dərs, neçə saatı hazırlıq, neçə saatı şagirdlə fərdi iş olduğu dəqiq yazılır. Bizdə isə hələlik yalnız “müəllim 09:00-18:00 məktəbdə olacaq” tezisi səslənir. Əgər bu model məzmun olmadan tətbiq ediləcəksə, nəticə keyfiyyət yox, sadəcə “məcburi iş günü” modeli olacaq”.
Sabiq deputatın sözlərinə görə, beynəlxalq təcrübə göstərir ki, müəllim 40 saat işləyirsə, bunun yalnız yarısı dərs olur:
“Qalan saatlar sakit kabinetlərdə hazırlıq, qiymətləndirmə və məktəbin digər məsələlər üzrə komanda işidir. Bizdə isə müəllimin masa, kompüter, fərdi iş üçün otaq kimi elementar şəraiti olmayan yüzlərlə məktəb var. Yəni sadəcə saat artırmaqla dünya standartına keçmək mümkün deyil. İkinci vacib məqam: tam iş günü yalnız o halda effekt verir ki, müəllimin maaşı real olaraq yüksəlsin. Çünki iş saatı artıb, maaş eyni qalsa, bu islahat motivasiya yox, narazılıq yaradacaq. Dünya təcrübəsində müəllimlərin peşəsinə marağın azalması səbəblərinin biri də məhz bu uyğunsuzluqdur - yüklənmə artır, dəyər isə artmır”.

Sona Əliyeva həmçinin vurğulayıb ki, üçüncü problem isə müəllim çatışmazlığı riskidir:
“Sertifikasiyada yüksək bal tələbi qoyulursa, gərək universitetlərdə müəllim hazırlığı güclənsin. Bizdə hələ də pedaqoji ixtisaslara aşağı balla qəbul həyata keçirilir, sonda isə müəllimliyə namizədlər MİQ imtahanından keçə bilmirlər. Əgər tələblər artsa, dəstək artmasa, gələcəkdə yüzlərlə vakansiya boş qalacaq”.
Sona Əliyeva eyni zamanda bildirib ki, texniki olaraq, iş saatına görə maaş modeli mahiyyətcə doğrudur:
“Amma bu, yalnız o halda effekt verəcək ki, iş saatının məzmunu dəqiq müəyyənləşdirilsin, məktəblərin maddi-texniki bazası bu modelə hazır olsun, sənəd, kağız işləri azaldılsın, müəllimə real pedaqoji zaman və müstəqillik verilsin, maaş artırılması sadəcə sözdə yox, rəqəmlərdə bəyan edilsin, təzyiq və nəzarət rejimi yox, peşəkar inkişaf sistemi qurulsun”.
Müsahibimizin fikrincə, əks halda, iş saatı artırmaqla keyfiyyət yüksəlməyəcək, əksinə repetitorluq daha da güclənəcək.
“Eyni zamanda, müəllimin yükü artacaq, müəllimlik peşəsinə maraq azalacaq. Qısası, bizə əlavə saat yox, ağıllı dizayn olunmuş müəllim modeli lazımdır. Əgər bu islahat düşünülmüş şəkildə həyata keçirilsə, təhsil qazanacaq. Əgər tələsik və mexaniki tətbiq olunarsa, itirən müəllim və şagird olacaq” ,- deyə Sona Əliyeva vurğulayıb.