Bakı Kitab Mərkəzində ölkəmizin tanınmış elm, mədəniyyət və ictimaiyyət xadimlərinin iştirakı ilə Vətən müharibəsində qazanılan tarixi Qələbənin 5 illiyinə həsr olunmuş “Zəfər sevinci” adlı ədəbi-musiqili gecə təşkil olunub.
Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva iştirak ediblər.
Qutb.az xəbər verir ki, tədbirin əvvəlində Vətənimizin azadlığı və torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri açan Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva şəhidlərimizin qəhrəmanlığının hər zaman xalqımızın qürur mənbəyi olduğunu bildirib. O qeyd edib ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun otuz ilə yaxın düşmən işğalı altında olan torpaqları azad etməsi və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması müstəqil dövlətçilik tariximizin ən şərəfli səhifəsidir.
Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi çıxışında Vətən müharibəsində qazandığımız Qələbənin xalqımız üçün mənəvi əhəmiyyətindən, şəhidlərin igidliyinin və qəhrəmanlığının gələcək nəsillər üçün örnək rolundan danışıb.
Tədbirdə şəhid Rövşən Nurzadənin atası, Xalq artisti Əli Nur, Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin qrup komandiri, Vətən Müharibəsi Qəhrəmanı, şəhid baş gizir Camal İsmayılovun həyat yoldaşı Fatimə İsmayılova, Vətən Müharibəsi Qəhrəmanı, şəhid mayor Elçin Mansurovun anası Məleykə Məcidova çıxış ediblər.
Daha sonra tədbir bədii hissə ilə davam etdirilib. Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının nəzdində fəaliyyət göstərən Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin solistlərinin və Beynəlxalq Muğam Mərkəzinin Cahangir Cahangirov adına Xor kollektivinin ifasında xalq mahnıları və bəstəkar əsərləri səsləndirilib.
Tədbirdə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qəhrəmanlıq səhnələrini, azad edilmiş şəhər və kəndlərin görüntülərini, eləcə də şəhidlərin xatirəsinin əbədiləşdirilməsini əks etdirən videoçarx nümayiş olunub.