19.04.24 | Bakı 25.03° C |
14:04:25
Lent :

Şəhidliyin Cavid Dünyası

12:47 09.07.2022
MƏQALƏLƏR VƏ ŞEİRLƏR
ads

Şəhid! Beş hərfdən ibarət tərifsiz bir dünya. Elə bir dünya ki, hər zərrəsi şərəf, qəhrəmanlıq, vətən qoxur. Bu dünyada yalnız vətənə son damla qanınacan bağlı olan, gözünü qırpmadan canını sipər etmiş, qəhrəmanlıq salnaməmizi yazan ərənlərimiz yaşayır. Doğrudur, onları bu gün cismən görmürük amma gəzib-dolaşdığımız hər qarış vətən torpağında onların izlərini görmək, hiss etmək mümkündür. Sanki hər biri qulaqlarımıza “Vətən Sizə Əmanətdir”, deyə pıçıldayır.


  Tarix boyu Azərbaycan torpaqları Mübariz ürəkli, Polad iradəli oğullar yetişdirib. Əlbəttə bu cür oğulların arxasında onlar qədər sınmaz analar və atalar durur. Oğlu şəhid olmuş ana və atanın başını dik tutaraq “Vətən sağ olsun, oğul” deməsi qədər müqəddəs ifadə yoxdur. Şəhidlik nə qədər şərəfli olsa da, bir oqədər də hüzünlü, kədərli bir yoldur. Axı, onu bu yaşa kimi əzizləyərək böyüdən ana və atanın gözü yaşlı, qardaş və bacısı arxa-dayaqsız, toyuna hazırlaşan nişanlısının isə gözü yollarda qalıb.

  Vətən uğrunda qurban getməkdən şərəfli yol varmı? Tək təskinlikləri bax, budur. Başları dik, alınları açıq qürurla mən Şəhid anası, atası, qardaşı, bacısı, yoldaşıyam deyirlər.

 Otuz ilə yaxın müddət ərzində hər bayram məclislərində deyilən bir arzumuz var idi: “Gələn bayramı Qarabağ torpaqlarında keçirək”. Artıq bu arzu yox, əbədi qalacaq reallığımızdır. Bu reallıqda yaddaşlardan silinməyəcək qəhrəmanımız, Azərbaycan igidi simvolu Cavid Manafovun da misilsiz rolu var.


  Cavid Manafov 4 fevral 1999-cu ildə Bakı şəhəri Nizami rayonunda anadan olub. O, Heydər Əliyev adına liseydə təhsil alıb. Bu illər ərzində müəllimlərin xüsusi ehtiramını qazanan Cavid Manafov məktəbin ictimai həyatında fəal iştirakı, savadı və tərbiyəsi ilə seçilib. Məktəbi müvəfəqqiyətlə bitirdikdən sonra yüksək balla Bakı Dövlət Universitetinə daxil olub. 2016-ci ildən-2020 ci ilədək Bakı Dövlət Universitetinin (SEP)Psixologiya fakültəsində təhsil alıb. Təhsilini başa vurduqdan sonra həqiqi hərbi xidmətə çağırılan Cavid Manafov Böyük Vətən Müharibəsi başlanan ilk gündən Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı istiqamətində gedən döyüşlərdə iştirak edib. Döyüşlərdə “BM-21 Qrad” ın kordinatoru olub. Onun tam dəqiq hesablamaları nəticəsində bir çox düşmən mövqeləri tamamilə məhv edilib. 31 oktyabrda Zəngilan Qubadlı istiqamətində gedən döyüşlərdə batareya komandirini və digər döyüş yoldaşlarını xilas edərkən qradların açılması nəticəsində ağır beyin travması alır. Bütün səylərə baxmayaraq Cavid Manafov 7 noyabr 2020 ci ildə Şəhid olur.

Şəhid olmaq üçün Şəhid ömrü sürmək gərəkdir. Cavid Manafov da 21 illik qısa həyat ömrünə bir ümman sığdırdı. Hələ kiçik yaşlarından məktəbdə savadı, tərbiyəsi ilə seçilib. 11 illik məktəb dövründə bircə dəfə də olsun Caviddən narazılıq edən olmayıb. Cavidlə qısa müddət dostluq etmiş yoldaşları da ondan danışmaqdan usanmırdılar. Sinifdə dostları onu “Sedrik” ləqəbi ilə çağırardı. Hər kəsə eyni qayğıyla yanaşar, başqasının problemlərini sanki öz dərdiymiş kimi görər və əlindən gələn köməyi əsirgəməzdi. Məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinə yollanır. Dörd illik bu qısa təhsil pilləsində Cavid hər bir kəsin qəlbində silinməz sevgi qazanmağı bacarır. Sosial Elmlər və psixologiya fakultəsinin dekanı Hikmət Əlizadənin Cavid haqqında söylədiyi fikirlər bunu bir daha sübut edir. O deyir: ”Oxuduğu dövr ərzində özünün təlim-tərbiyəsi, vətənə olan sevgisiylə digər tələbələrdən fərqlənirdi. Cavid bütün fakultə rəhbərliyinin və ona dərs deyən müəllimlərin sevimlisi olub. Onu torpaq, vətən sevgisi həmişə digərlərindən fərqləndirmişdir. Allah ona rəhmət eləsin”.


Cavidi qonşuları da ana-övlad məhəbbəti ilə sevib. Uşaqlıqdan bir yerdə olduğu qonşusu deyir ki, “Biz balaca olanda novruz bayramında hərkəs papaq atardı. Cavid onda da seçilirdi. Heçvaxt papağı qapının yanına qoyub gizlənməzdi. Həmişə papaq əlində gözləyərdi ki, hamının bayramını təbrik etsin. Cavid bizim ailədə o qədər böyük yer edib ki hələ də yoxluğu ilə barışmaq olmur”. Onun bu qədər ehtiram qazanması təəccüb doğurmur. Cavidin doğma qardaşının dili ilə desək sanki, Cavid bu dünyaya gəlmiş bir mələk idi.

Həqiqi hərbi xidmət zamanı da əsgər və komandirlər arasında böyük hörmət qazanır. Öz şeirində “Sülh rəmzi olmaq istərəm, quş tək göylərdə süzüm” deyən Cavid müharibə başlayan zaman ailəsinə zəng edərək halallıq alır. Döyüşlər zamanı düşmən mövqelərinin kordinatlarını dəqiq hesablaması ilə tanınır. Bu barədə komandiri Cavidin anasına xüsusi təşəkkürünü bildirir. O deyirdi ki, “Cavidin çox güclü savadı olub. Biz kalkulyatorla hesablamamış Cavid gəlib deyirdi ki komandir, bu kordinatı vurun. Doğurdan da biz onu hesabladıqdan sonra görürdük ki, həqiqətən Cavidin dediyi kordinat düzdür.Bir çox düşmən postu, artileriya və canlı qüvvəsi onun sayəsində məhv edilib.


Uzun illərdi düşmənə qarşı qəlbində bəslədiyi nifrət, intiqam hissi onu bu yoldan döndərə bilməzdi. 44 günlük vətən müharibəsinin 35 gününü əsl qəhrəman, igidcəsinə vuruşdu. Döyüş zamanı başından xəsarət alsa da, yaralı yoldaşlarını mühasirədən çıxarmağı bacardı. Ancaq bu çətin döyüş yolunda Şəhid oldu. Bu gün Cavidin yaşadığı məhəllədə onun adına abidə açılıb. Açılış zamanı bir çox Şəhid anası da iştirak edib. Təhsil aldığı məktəbdə əyləşdiyi sinif otağına da Cavid Manafovun adı verilib.

 Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Cavid Manafov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə isə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.


Cavid haqqında nələr deyilsə, yazılsa azdır. O, əsl nümunəvi vətəndaş, qəhrəman obrazının canlı əfsanəsi idi. Əminliklə demək olar ki, Cavid haqqında oxuyan hərkəs onun vurğununa çevriləcək. Bugün ki günümüzdə bizim öhdəmizə düşən Cavidin timsalında bütün qəhrəmanlarımızın ruhunu şad etməkdir. Sözsüz ki, onlar bizim aramızdadırlar. Allahın insanlara göndərdiyi müqəddəs "Qurani-Kərim”də buyurulur: "Şəhidlərə ölü deməyin, onlar diridirlər və Allahın nemətləri ilə faydalanırlar, ancaq siz bunu bilmirsiniz”. Bu oğullarımız kimi onları bu yaşa kimi yetişdirən valideynlərinə də borcluyuq.

  8 Noyabr Şuşanın ordumuz tərəfindən qısa müddət ərzində azad edilməsi düşmən ordusunun özgüvənini də məhv etdi. Qədim mədəniyyət və tarixi ocağımızı düşmən tapdağından azad etməklə mədəni irsimizi və dəyərlərimizi riyakar düşməndən geri almış olduq. Müzəffər Ordumuzun Şuşa qələbəsi Azərbaycan oğullarının gücünü, əzmini, qətiyyət və iradəsini bütün dünyaya sübut etdi. Azərbaycanın belə oğulları tükənməzdi. Xudayarın təsnifində neçə-neçə yeni ərənlər, Poladlar, Cavidlər, Mübarizlər yetişir. Biz Şəhid və Qazilərmizə, düşmənlə posta dayanan hər bir əsgərimizə borcluyuq. Bizə tapdalanmış kimliyimizi, qürurumuzu qaytaran, bayrağımıza qanları ilə rəng verən və bu qələbəni bizə bəxş edən bütün Şəhidlərimizi, o cümlədən Şəhid Cavidimizi ehtiramla yad edirik. İGİDLƏRİN VAR OLDUQCA, SƏN DƏ VARSA AZƏRBAYCAN!

Yusif Eyvazlı

TEGLƏR
Müəllif : Qutb .az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    113 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    25.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az