Giriş Qeydiyyat
Kateqoriyalar
  • Lent :

    Günəş kimi doğan Şəhidimiz

    13:44 | 09.07.2022

    30 il idi ki, Azərbaycan xalqı qəlbində bir nisgillə yaşayırdı. Vətən torpağı parçalanmış, düşmən tapdağı altında olarkən, axı necə rahat yaşamaq olardı ? Xalqımız bu nisgilin bir gün sona çatacağına inanır və hər günə o ümidlə oyanırdı. 

    27 Sentyabr 2020-ci il – illərdir gözlənilən, həsrətin sona çatdığı, zəfərin başlandığı gün. Yaşından, vəzifəsindən asılı olmayaraq, hər kəsin silaha sarılıb döyüşə atıldığı gün.

    44 günlük zəfər salnaməsində kimlərsə bir parçasını itirib qazi olaraq geri döndü, kimlərsə də ən uca zirvə olan Şəhidlik zirvəsinə ucalaraq əbədiyyətə qovuşdu. 


    Bu dünyaya ən gözəl şəkildə əlvida deməyin adıdır, Şəhid olmaq. Şəhidlik adı ölüm deyil, Vətən, Torpaq, böyük amallar uğrunda canından keçmək, özünü qurban vermək deməkdir. Vətən yolunda Şəhidlik əsl qeyrət, hünər, şərəf və ləyaqət zirvəsidir. Şəhidlik – verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır. Öz ömür payını Vətənə, Torpağa bağışlamış, Vətən torpağı biraz daha böyüsün deyə, özü bir məzar boyda torpağa çevrilən igid oğullarımızdan  biri də Seyfəddin Məhyəddin oğlu Dadaşovdur. Seyfəddin Dadaşov 1999-cu il martın 8-də Beyləqan rayonu Mayak kəndində anadan olub. 2005-2016-cı illərdə Beyləqan rayon Mayak kənd tam orta məktəbində təhsil alıb. 2016-cı ildə qəbul imtahanlarında yüksək bal toplayaraq Bakı Dövlət Universiteti Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinə qəbul olmuşdur. 2020-ci ildə bakalavriat səviyyəsini uğurla başa vurmuşdur. Magistraturaya qəbul olsa da, təhsilini yarımçıq qoyaraq hərbi xidmətə yollanmışdır. Üç ayın əsgəri olmasına baxmayaraq, 44 günlük Vətən müharibəsində ön cəbhədə qızğın döyüşlərə qoşulmuşdur. Döyüş müddətində ayaq nahiyəsindən yaralanır və hərbi hospitala göndərilir. Orada sadəcə iki gün qaldıqdan sonra ön cəbhəyə, döyüş yoldaşlarının yanına qayıdır. 14 oktyabr tarixində Suqovuşan istiqamətində gedən döyüşlərdə Şəhidlik zirvəsinə ucalır. Oktyabrın 31-də doğulub, boya-başa çatdığı Beyləqan rayonu Mayak kəndində torpağa tapşırılır. Ölümündən sonra Ali Baş Komandan cənab İlham Əliyevin sərəncamı ilə “Suqovuşanın Azadlığına Görə”, “Vətən Uğrunda” və “Cəsur Döyüşçü” medallarına layiq görülüb. 


    Seyfəddin sanki bir günəş kimi doğmuşdu, Dadaşovlar ailəsinin üstünə. İki qız övladından sonra dünyaya gəldiyi gün hər kəs bu ailənin sevincinə şərik olmuşdu. Seyfəddin ata-anası üçün bu dünyaya gəldi, xalqı, Vətəni üçün də getdi. Qəhrəmanımızın anası Nəzakət ana öz susqunluğu ilə ətrafa səs salırdı. Bütün dərdi, kədəri bir nöqtəyə baxan gözlərindən bir damla yaş olub, axıb tökülürdü. Seyfəddinlə bağlı sual verdikdə, dərin bir ah çəkərək başlayırdı cavabına. Nəzakət ana deyir ki, mənim balam heç vaxt kiməsə “yox” cavabını verməzdi. Hər kəsin xahişini heç tərəddüdsüz yerinə yetirərdi. Göndərdiyimiz hər işin öhtəsindən məharətlə gələrdi. Seyfəddinin ən böyük arzusu ali təhsil almaq və Vətənə, ailəsinə layiqli bir övlad olmaq idi. Seyfəddin hər ikisinin öhtəsindən layiqincə gəldi. Universitetdə oxuduğu 4 il müddətində heç bir şikayəti, istəyi olmadı. Hər dəfə danışanda deyirdi ki, “siz özünüzə yaxşı baxın, məndən narahat olmayın, hər şey qaydasındadır”. Bir dəfə ona göndərdiyimiz xərcliyi itiribmiş. Biz növbəti dəfə ona xərclik göndərənə qədər bizə heç bir şey deməyib. Səbəbini soruşanda isə dedi ki, “ Atam o pulu zəhmətlə qazanıb, mənsə ehtiyyatsızlıq edib itirdim. Axı necə yenə istəyim ?”. Beləcə Seyfəddin 4 ili başa vurdu. Son kursda oxuduğu müddətdə o həm də magistraturaya hazırlaşırdı. Və qəbul oldu da. Bir daha Seyfəddinimlə qürur duydum. Lakin o magistraturanı oxumaqdan imtina etdi. Mən əvvəlcə Vətənə olan borcumu ödəyim, daha sonra təhsilimi davam etdirərəm, dedi.  Biz çox təkid etdik ki, təhsilini başa vur, daha sonra hərbi xidmətə yollan. Lakin o artıq qərarını vermişdi. Seyfəddini fikrindən daşındırmağa çalışdığım gün mənə belə bir cümlə dedi, “Ana, sən mənim beynimin içindəkiləri bilmirsən. Bilsən, sənin beynin yanar”. Balamın hədəfləri, arzuları o qədər böyük imiş. Onun beyninin içindəki yağı düşməndən intiqam almaq imiş... Nəzakət ana bu sözləri xüsusi bir qürur hissi ilə deyirdi. 


    Məğrur duruşlu Şəhid atası Məhyəddin müəllim, oğlu haqda danışarkən kədər və qürur hissini birgə yaşayırdı. O, hər zaman övladı öz məqsədlərinə çatsın deyə, bütün zəhmətlərə qatlaşırdı. Məhyyəddin müəllim deyir ki, Seyfəddin həmişə seçimlərini özü edirdi, müstəqil qərar verirdi. Mən də onun düzgün seçimlər edəcəyindən əmin idim. Və beləliklə, o yenə öz seçimini etdi, təhsilini yarıda saxlayıb hərbi xidmətə yollanmağı qərara aldı. 22 iyul 2020-ci ildə həqiqi hərbi xidmətə yola düşdü. Xidmətdə olduğu vaxtlarda bizimlə əlaqə yaratmazdı. Mən tanışlar vasitəsilə onunla əlaqə yaradırdım. Müharibə başlayanda Seyfəddin artıq təlimləri başa vurub tam xidmətə başlamışdı. Elə buna görə də ilk gündən ön cəbhədə döyüşlərə qatılır. Müharibənin ilk günlərində - sentyabrın 29-da Seyfəddin ayağından yaralanaraq hospitala düşür. Və yenə də bu barədə bizə heç bir məlumat vermir. Həkimlər ona 5 gün hospitalda qalmalı olduğunu desələr də, o sadəcə 1 gün qalır və sonra yenə döyüş meydanına qayıdır. Bu hadisədən sonra onunla bir dəfə əlaqəmiz oldu. Onda da hər şeyin qaydasında olduğunu, narahatlığa səbəb olmadığını dedi. Son danışığımız zamanı o mənimlə əsl kişi kimi danışdı. Sən demə mənim oğlumun özü də, ürəyi də çox böyüyübmüş, lakin mən bunu sezə bilməmişəm...  

    Seyfəddinin atası danışdıqca oğlunda bu böyük Vətən sevgisinin hardan yarandığı məlum olur : atasından, onun Vətənə bağlılığından. 

    Ata söhbətə davam edir : - Döyüş yoldaşları deyirlər ki, “Seyfəddin həm mükəmməl döyüşçü, həm də alovlu vətənsevər, vətənpərvər idi. Onun qəhrəmanlığını isə biz döyüşlərdə kəşf etdik. Onu bir an belə döyüşlərdən kənarlaşdırmaq mümkün deyildi. O, hər gün ALLAHA şükür edirdi ki, nə yaxşı təhsilimi dondurub hərbi xidmətə gəldim, magistraturanı davam etdirsəydim, hərbi xidmət keçmədiyimə görə məni döyüşə aparmayacaqdılar”. 

    Daha sonra ata oğlu ilə bağlı ən ağır xatirəsini danışır : - Seyfəddin oktyabrın 14-ü Suqovuşan istiqamətində gedən döyüşlərdə Şəhid olur, cənazəsi neytral zonada qalır. Və mənim bundan oktyabrın 22-i xəbərim oldu. Sanki bütün dünya üstümə gəldi, nəfəsim kəsildi. Bu barədə ailəmə heç nə demədim. Nə deyəcəyimi, necə deyəcəyimi bilmirdim. Oktyabrın 31-i Seyfəddinin cənazəsini evə gətirdilər. Ailəm də hadisədən o an xəbər tutdu. Anası hələ də özünə gələ bilmir, müalicələrlə yaşayır. Biz Seyfəddinlə fəxr edirik, o özü ilə birlikdə bizim adımızı da zirvəyə ucaltdı.


    Bir kənarda oturaraq göz yaşı tökən Dilarə nənənin ən böyük arzusu nəvəsinin toyunu görmək idi. Göz yaşı içərisində ancaq bu cümləni təkraralayırdı : “Mənim gözümü yolda qoyan balam, axı, mən indi sənin şəkillərin, əşyaların olan o otağı bəy otağı edəcəydim...”

    Bir bacı üçün bu həyatda ən böyük dayaq qardaşdır. Ən böyük dayağını itirmiş Dilarə və Çinarə bacılarının qardaş həsrətləri səslərinin titrəyişindən hiss edilirdi. Dilarə xanım deyir ki, qardaşım universitetdə oxuyan zaman dərsdən çıxarkən əvvəl bizə gələrdi. Oturub uzun-uzun danışardıq. Müəllimlərindən, tələbə yoldaşlarından, gələcək planlarından danışardı mənə. O qədər məqsədləri var idi ki...

    - Mən qardaşımı təsəvvür edəndə əlində qələm, önündə kitabla təsəvvür edirəm. Çox bağlı idi dərslərinə. O, heç böyük həvəslə oxuduğu universitetin diplomunu ala bilmədi. Hərbi xidmətə gedərkən dəfələrlə atama tapşırdı ki, dostumla əlaqə saxla o sənə diplomumu almaqda köməklik edəcək. Diplomunu tələbə yoldaşları 40 mərasimində gətirdilər. Seyfəddinin bir xüsusiyyəti var idi. Heç vaxt sosial şəbəkələrdə paylaşım etməzdi. Bir çox şəkilləri var idi ki, biz onu hərbi xidmətə getdikdən sonra şəxsi telefonunda gördük. O, ilk dəfə paylaşımı Tovuz döyüşləri zamanı Polad Həşimov Şəhid olarkən etdi. Polad Həşimovun şəklini anama göstərərək dedi ki : “Bax, ana, mən də onun kimi vətənpərvər, qorxmaz, cəsur bir qəhrəman olacam”. 

    - Qardaşım dünyaya tək gəldi, tək də getdi, kimsə tuta bilməz onun yerini. O, qısa ömründə həmişə ailəmizin adını ucaltdı, qazandığı nailiyyətlərlə daim bizi sevindirdi, qürurlandırdı. Qardaşımızın yeri cənnətdir, cənnət mələyimizdir o bizim.


    Seyfəddinin ibtidai sinif müəlliməsi Rəhilə müəllimə hislərini bölüşərkən göz yaşları ilə bərabər simasında xəfif bir gülümsəmə də var idi. O deyir ki, Seyfəddin həmişə gülümsəyirdi. Sinifdə nə vaxt ona baxsam, üzündəki təbəssüm diqqətimi çəkirdi. Çox ağıllı, savadlı, yerini bilən bir uşaq idi. Ən çox riyaziyyat fənnini sevirdi. Tapşırıqları ilk o həll edirdi. Elə o vaxtlardan onun gələcəyinin parlaq olacağını görmək mümkün idi. Seyfəddin artıq universitetə qəbul olmuşdu, yay fəsli idi, onunla yolda qarşılaşdım. Boynuna sarılıb üzündən-gözündən öpdüm və qızmar günəş altında hara getdiyini soruşdum, o da dedi ki, ingilis dilini öyrənmək üçün Bakıya xarici dil kursuna gedir. Yəqin ki, o qızmar günəş altında onun arzuları, hədəfləri ürəyinə sərinlik gətirirdi. 


    Seyfəddinin həm sinif rəhbəri, həm də hazırlıq müəllimi olan Elgün müəllim ona olduqca yaxın imiş. Elgün müəllim deyir ki, Seyfəddin sinifin əlaçısı idi, kimsə onunla rəqabət aparacaq səviyyədə deyildi. Hazırlığa gələn zaman da digərlərindən fərqlənirdi. Çox güclü yaddaşı var idi, bir dediyimi heç vaxt unutmazdı. Qəbul imtahanından sonra seçim zamanı yalnız Bakı Dövlət Universitetini istədiyini bildirdi. Ona başqa seçimlər göstərsək də fikrini dəyişmədi. Çox zəhmətkeş idi, heç vaxt oxumaqdan yorulmazdı. Tələbə vaxtı da boş zamanlarında xarici dil kurslarına gedirdi. Mən düşünürəm ki, onun hədəflərindən biri də təhsilini xaricdə davam etdirmək idi. 

    Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dekan müavini Laçın müəllim də Seyfəddinlə bağlı hislərini bizlə bölüşdü. O deyir ki," Seyfəddin çox ağıllı, tərbiyəli, nümunəvi tələbə idi. Həmişə dərslərdə çox aktiv iştirak edirdi. Müəllim kollektivi və tələbə yoldaşları arasında böyük hörməti var idi. O, çox gözəl xatirələrlə qalıb bizim yaddaşımızda. BDU ailəsi olaraq Şəhidimizlə qürur duyuruq."



    Ləman Bayramlı

    Teglər
    Müəllif : Qutb .az
    Yorum yaza bilmək üçün Giriş edin və ya Qeydiyyatdan keçin
    • Yorum yoxdur. İlk yazan siz olun
    Zabit Səmədov Ramzan Kadırovu təbrik edib

    01:58

    "Mauqli" ləqəbli Azərbaycanlı kikboksçu...

    Çempionlar Liqasında qol yağışlı gecə

    01:34

    UEFA Çempionlar Liqasının qrup mərhəl...

    Çexiya Ukrayna hərbi yardım göstərəcək

    01:13

    Çexiya hökuməti Ukraynaya daha bir hərb...

    Ukrayna limanlarından daşınan taxılın miqdarı açıq...

    15:39

    “Taxıl sazişi” çərçivəsində Ukrayna lim...

    "Qarabağ" oyuna bir dəqiqəlik sükutla başlayacaq...

    15:32

    Yunanıstanda "Olimpiakos" və "Qarabağ"...

    xüsusi təyinatlılarımız Türkiyə təlimində

    13:16

    Azərbaycan Ordusunun xüsusi təyinatlıla...

    Tanınmış müğənni vəfat etdi

    07:29

    Müğənni Rəhim Rəhimli vəfat edib. ...

    Çavuşoğlu: “Türkiyə Kiprdəki hərbi gücünü artıraca...

    20:54

    “Türkiyə Kiprdə hərbi gücünü artıracaq ...

    Rusiyadan Azərbaycana gətirilən toxumluq kartofda ...

    19:27

    Azərbaycanın Rusiyadan idxal etdiyi toxu...

    Bizi izlə
    Qarışıq xəbərlər
    Məzənnə
    USD-AZN
    1.7
    TRY-AZN
    0.0948
    EUR-AZN
    1.7397
    Kalendar
    Hava durumu
    BAKI hava durumu
    Teglər