27.07.24 | Bakı 28.03° C |
12:07:19
Lent :

"Əsl həqiqət isə ya yoxdur, ya da nadir hallarda dərk olunur”

18:24 14.05.2024
MƏQALƏLƏR VƏ ŞEİRLƏR
Özəl
ads

“Hər kəs bu dünyanı öz bildiyi, qavradığı kimi görür və gördüklərini bildiklərini, həqiqət kimi qəbul edir. Əsl həqiqət isə ya yoxdur, ya da nadir hallarda dərk olunur”. Təhlilimi yazarkən başladığım bu cümlənin altından kitabda xətt çəkmişdim..O qədər doğru cümlədir ki..Əslində, dünya olduğu kimi deyil də, bizim onu qavradığımız kimi deyilmi?! Bir məşhur cümlə var dillərdə: “Yalan ilə xoşbəxt olmaqdansa, həqiqəti bilib əzab çəkmək daha yaxşıdır”. Bəlkə də, sonu ölümlü dünyada içimizi parçalayan həqiqətə sarılmaqdansa, doğru qəbul etdiyimiz yalanlarla “cənnətdəki” kimi hiss etmək daha gözəldir. O yalanlar ki, həqiqəti bilənlərin vicdanını sızladır, hər şeydən xəbərsiz olanların isə rahat yaşamasını təmin edir. Eynilə Elxan Elatlının qələmə aldığı “Dilənçi qadının sirri” romanında olduğu kimi..


Əsərdə Hakan öz doğruları ilə yalanlardan xəbərsiz halda yaşadığı halda həyat yoldaşı Gülsevər xanım zahirən “xoşbəxt” görünsə də, məcburən etdiyi səhvləri unudur, daxilən xoşbəxt olmağa çalışırdı..Amma daxilimizdə apardığımız mübarizələr, dəf etdiyimiz travmalar, “kaş film olsaydı” dediyimiz yaşanmışlıqlar bizləri rahat buraxarmı?!


Gülsevəri də içdən-içə öldürən bunlar idi. Bir zaman sonra bu fırtınalar daxildən xaricə də yansıdı. Gülsevərin etdiyi bir səhv Hakan ilə onun göz bəbəyi olan bir övladının qaçırılmasına səbəb oldu. Bəli, xoşbəxt yuvalarının üstünü birdən qara buludlar aldı. Sanki heç çəkilməyəcək, qara daşa dönüb evlərini, xoşbəxtliklərini param-parça edəcək olan qara buludlar..Bu bulud səma buludları deyildi, Gülsevərin öz əlləri ilə taleyinə gətirdiyi bir bəla idi..Gülsevərin çəkdiyi iztirablar onun Hakandan öncə evləndiyi Rəcəb adlı şəxsə xəyanət etməsi ilə nəticələndi. Gülsevərin özü də bilirdi ki, xəyanətə heç cürə haqq qazandırmaq olmaz, amma Rəcəbin etdikləri oxucunu belə o qədər qıcıqlandırır ki, xəyanət edilən şəxsdən çox oxucu xəyanət edənə haqq qazandırır..Həmişə dəli olanları “dəli” adlandırıb ruhi xəstəxanaya yerləşdirirlər. Halbuki, psixologiyası pozulmuş birinin niyə, hansı səbəblərdən bu hala düşdüyünü öyrənmək lazım gəlir. Gülsevər dəli deyildi, bəlkə də, dəli olsa, bu qədər canı yanmazdı. Gülsevərin ruhu parçalanıb, qüruru isə sınmışdı. Səbəbkarı isə tək özü deyildi. 


Hakan ilə evlənənə kimi nə əziyyətlər çəkmiş Gülsevərin başına Rəcəblə evli ikən xəyanət etdiyi İslam musallat oldu. Onların övladlarını qaçırıb Gülsevəri şantaj etdi. Hər şeyi Hakana danışacağını söyləyən İslam Gülsevərin dünyasını başına yıxdı. Əsərin sujeti Hakanın oğlunu axtarması ilə davam edir. Əslində, övladının qaçıranın kim olduğunu anası Gülərsevərin bildiyi əsərin sonlarında məlum olur. Həmin hissə oxucuda dərin təəccüb hissi yaradır. Həmin hissəni oxuduqca ağlımda yalnız və yalnız Hakanın bu yalanlardan sonra özünə necə gələcəyi məni düşündürdü. Hakan da ilk evliliyindən sonra insanlara olan inancını itirmişdi. Bu inancı, güvəni onda bərpa edən “heç yalan danışmayan” Gülsevəri olmuşdu. 


Hakanla onun qardaş kimi yaxın bildiyi dostuna yaxın olmaq üçün evlənən Erginay oxucularda ona qarşı nifrət hissi oyadır. Bir növ Hakanın güvəndiyi dağlara qar yağır..Amma bu qarın heç əriməyən hissəsi Hakanın əsla öyrənə bilməyəcəyi Gülsevər tərəfindən deyilən yalanlar idi.. 


Elxan Elatlının bütün əsərlərinin o qəhrəmanı olan, mənim belə “kaş bu obraz romanda deyil də, real həyatda olsaydı” dediyim, öz ədalətini, vicdanını qanunlardan üstün tutan, oxucularının sevimlisi, yazıçının təxəyyül məhsulu olan  cinayət-axtarış eksperti Qanbay Qasımlı bütün doğruları öyrəndiyi halda susur. Hakana həyat yoldaşının ona yalan danışdığını söyləmir. İslamın uşağı qaçırdığını bildiyi halda onu polisə təslim etmir. Özünə parlaq gələcək qurmaq istəyən, rəngli xəyalları olan İslamın qızı Şəmsi düşünür. Bütün bunları insanın daxilinə sığışdırmağı heç də asan iş deyil. Elxan Elatlının yaratdığı bu obraz bunları bacarmışdı. Buna görə də əbəs yerə E.Elatlı müsahibələrin birində deməmişdi ki, “mən Azərbaycanın Şerlok Holmsını yaratmışam”.

 

 Sözügedən ekspertin öz həyatı film kimi olsa da, başqalarının başlarına gələn müsibətləri bəzən gecə yuxusuz qalaraq düşünür, öz dərdi kimi mənimsəyir. Q.Qasımlı obrazından çıxış edərək qeyd edirəm ki, həyatda üzləşəcəyimiz xoşagəlməz hallar olsa da, öz işimizi layiqincə yerinə yetirməyi unutmamalı, məsuliyyətin altına girdiyimiz vəzifələrimizə yeri gəlsə canımızı qoymalıyıq..Vicdanımızın yürütdüyü ədaləti isə hər şeydən üstün tutmalıyıq..Eynilə Qanbay Qasımlı kimi..


Bəs əsərə adı verilən dilənçı qadın kimdir? Oxucuların düşüncələrində öncə həmin itkin düşmüş uşağın oğrusunun məhz bu qadın olduğunu yaradan yazıçı daha sonra oxucuları dəhşətə gətirən hekayəni qələmə alıb bu qadınla bağlı..


Dilənçi qadının yaşadıqları onun yalnız daxilində deyil, gözlərində, baxışlarında ən əsası isə hamını özündən uzaqlaşdıran yanmış üzündə idi..Oxuyarkən insanın içini sızladan bu həyat hekayəsi haqqında qısa məlumat verim.


  Sözügedən qadının həyat yoldaşı evlərinə çörək aparmaq üçün qumar oynayır. Daha sonra həbsxanaya düşür. Həbsxanada da bu işindən əl çəkmir. Sonda ən alçaq hərəkət edib qumarda qadınını uduzur. Qumar oynadığı şəxs isə həbsxanadan çıxan kimi onun xanımının yaşadığı yerə üz tutur. Hələ onda dilənçi vəziyyətinə düşməyən qadın kişi bundan iyrənsin deyı isti ütü ilə üzünü yandırır. Həmin hissəni oxuyarkən təsirindən donub qaldım..


Nəticədə qadını heç yerdə işə qəbul etmirlər. Sifətini kim görürsə üzünü çevirir..İnsanların xisləti belədir axı..Xaricdən hər şeyi gördüklərini zənn edib qınamaq maşınlarını işə salırlar. Eynilə dilənçi qadına etdikləri kimi.. 


 Dilənçi qadın bütün bu nifrəti, qəzəbi içində boğaraq ərinin həbsxanadan çıxmasını gözləyir. Əri həbsxanadan çıxan kimi otuz yeddi bıçaq zərbəsi ilə onu öldürərək yaşadıqlarının qisasını alır..Amma nə fayda?! Bütün yaşadıqları onu içdən-içə yeyib-bitirirdi. 


 Əsərin sonluğunda dilənçi qadının başına gələnlərin səbəbini Qanbay Qasımlı öyrənir, amma “onun cəzasını həyat verib” deyərək ərinin qatili olan qadını ədalətə təslim etmir..


  Başda yazdığım kimi hər kəs öz doğruları ilə xoşbəxtdir. Kimsə də öz doğruları ilə bədbəxt..Dilənçi qadın kimi..O onsuz işıqlı dünyada öz qaranlığına qərq olunmuşdu. Sadəcə nəfəs alırdı..Həyatı bir aciz kişiyə görə məhv olmuşdu..


İstər Gülsevər, istərsə də dilənçi qadın..Bunlar başqaları tərəfindən həyatı məhv olmuş qadınlardır..Gülsevər sonda həqiqəti gizlədib öz səadətinə qovuşsa da, əksinə dilənçi qadın həyatda ikən ölü kimi idi..Həyatda ona qalan yeganə övladı var idi..Ona da dilənərək baxırdı..


Əsərdə qanımı donduran əsas hissəni də qeyd edim. Dilənçi qadının çörək qırıntılarını ərinin məzarına götürüb orada fəryad edərək ağlaması..Heç yerdə görünməyən, eşidilməyən ahı..Yazıçı o hissəni elə qələmə almışdı ki, elə bir insan olmasın ki, həmin hissədə təsirlənməsin..


Əsərin son hissəsini bəyəndim. Bütün həqiqətlər ortaya çıxsaydı, Q.Qasımlı doğruları özünə saxlamasaydı günahı olmayan insanlar əzab çəkə bilərdi. Heç etmədiyi günahlara görə..


 Çalışaq bizə bir dəfə verilən bu ömrü səhvlərimizə və yaxud kimlərəsə görə qurban etməyək! Biz yalanlarımızla deyil elə öz doğrularmızın şirinliyi ilə dolu bir həyat yaşayaq!

TEGLƏR
Müəllif : Çinarə Muradova
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    121 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    28.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az