“Mən özüm həyatım boyu belə ləzzətli oyun izləməmişəm. Futbol tarixində bu cür - hər saniyəsi həyəcanlı olan çox az oyun olub. Bu gün bunu söyləmək istəyirəm ki, deyirlər, futbol taktikadır. Xeyr! İnsanı uğura aparan onun ruhudur”.
Publika.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın prezidenti Tahir Gözəl Avropa Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Braqa" cavab oyunundan (2:3, ilk oyun - 4:2) sonra jurnalistlərə açıqlamasında söyləyib. Klub rəhbəri Ağdam təmsilçisinin tarixi nəticəyə imza ataraq 1/8 finala adlamasını şərh edib:
"Həyatın prinsipi odur ki, həmişə mübarizə aparasan. Biz 60 dəqiqə 10 nəfərlə mübarizə apardıq. "Qarabağ" yorula bilərdi. Deyə bilərdilər ki, bizə çətindir. Amma komanda son dəqiqəyə qədər mübarizə apardı. Bu, bütün xalq üçün ilhamdır. Hamımız bu axşam həyata bam-başqa ruhla davam edirik. Mən bu vətənə, bu xalqa aşiqəm. Həyat da elə gətirdi ki, Qurban Qurbanovun, futbolçularımızın, cənab Prezident İlham Əliyevin, azarkeşlərimizin dəstəyi ilə xalqımıza ən gözəl hədiyyəni bu axşam "Qarabağ" verdi. Bizim ruhumuz bizim uğurumuzun sirridir. Heç kim bizim qarşımızda dayana bilməz. Mən hiss edirdim ki, bu axşam tarixi bir axşam olacaq".
O, Nəriman Axundzadənin 120+2-ci dəqiqədə "Qarabağ"ı 1/8 finala aparan qolu vurmasına da toxunub: "Nəriman mənim əzizimdir. Mənim yerlimin bu qolu vurması mənim üçün ikinci bir hədiyyədir. Onun gözlərindən öpürəm".
Sonda Tahir Gözəl "Qarabağ"dan hansı mərhələyədək irəliləməyi gözləyirsiniz" sualına bu cür cavab verib: "Bu sualı yarımfinaldan sonra mənə verərsiniz".
Heybət