Yanvarın 16-da Bakıda baş verən ağır yol qəzasının bəzi təfərrüatı məlum olub.
Publika.az-ın əldə etdiyi məlumata görə, həmin gün saat 20:00 radələrində Sabunçu rayonu Bakıxanov qəsəbəsində sürətlə hərəkət edən avtomobil yolu keçən 24 yaşlı Seyfullazadə İmran İsmayıl oğlunu vurub. Ağır vəziyyətdə Sabunçu Tibb Mərkəzinə yerləşdirilən piyada orada ölüb.
Məlum olub ki, İmran Seyfullazadə hərbçi olub. Baş leytenant olan Seyfullazadə Daxili Qoşunlarda xidmət edirmiş. Hadisə İ.Seyfullazadə Bakıda xidmət keçdiyi yerdən yaşadığı evə gedərkən baş verib.
İmran Seyfullazadə doğulduğu Lənkəran şəhərində dəfn edilib. Onun anası rayonda tanınmış kimya müəllimlərindəndir.
Faktla bağlı Sabunçu rayon Polis İdarəsində cinayət işi açılıb.
Turqut Seyidov