Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətinin xidmət ərazisinə daxil olan bütün əkin sahələri mövsüm ərzində suvarma suyu ilə təmin olunur və hazırda aparılan tədbirlər qrafik üzrə davam etdirilir.
Bu barədə Qutb.az-a ADSEA-dan bildirilib.
Qeyd edilib ki, mövcud statistikalara görə, ölkənin suvarılan torpaq sahələrində hər hansı kütləvi və ya genişmiqyaslı su çatışmazlığı müşahidə edilmir. Əksinə, görülmüş mühüm infrastruktur tədbirləri nəticəsində kənd təsərrüfatı bitkilərinin su təminatında sabitlik qorunub saxlanılır və bir çox istiqamətlər üzrə göstəricilər əvvəlki illərlə müqayisədə daha da yaxşılaşıb.
Bu ilin 10 ayı ərzində ümumilikdə 1467,794 min hektarda müxtəlif kənd təsərrüfatı bitkiləri 3,3 dəfə suvarma suyu ilə təmin olunub. DAİM-lərlə dəqiqləşdirilmiş məlumata əsasən, respublika üzrə 107,492 min hektarda pambıq əkini aparıldığı, 107,455 min hektara birinci, 106,787 min hektara ikinci, 57,713 min hektara üçüncü, 8,845 min hektara dördüncü vegetasiya suyunun verilməsi təmin olunub, pambıq sahələri ümumilikdə 3,6 dəfə (2024-cü ilin müvafiq dövründə 3 dəfə olub) suvarılıb.
Eyni zamanda müxtəlif kənd təsərrüfatı bitkilərinin, o cümlədən 463 min hektardan artıq yem bitkiləri 3,6 dəfə, 171 min ha çoxilliklər 3,5 dəfə, 71,5 min ha bostan-tərəvəz bitkiləri 5,6 dəfə və 155 min hektardan artıq həyətyanı sahələr 4,8 dəfə suvarılmış, əhalinin kommunal-məişət, içməli su ehtiyaclarının ödənilməsi və digər məqsədlər üçün suyun verilməsi həyata keçirilib, hazırda da bu tədbirlər davam etdirilir.
Aparılmış suvarma tədbirlərinin nəticələri göstərir ki, kənd təsərrüfatı bitkilərinin su təminatı üzrə bütün göstəricilər normativlərə uyğun şəkildə icra olunur və Regional Su Meliorasiya Xidmətinin xidmət ərazisinə daxil olan sahələrin suvarılması tam təmin edilir.