Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırski və Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov şəxsən Pokrovsk–Mirnoqrad istiqamətində gedən əməliyyatlara rəhbərlik edirlər.
Qutb.az xəbər verir ki, Ukrayna mediasının məlumatına görə, hər iki yüksək rütbəli hərbçi şəhərin müdafiəsində birbaşa iştirak edir və əməliyyat qərargahından prosesə nəzarət edir.
Ukraynanın teleqram kanalları onların ön xəttdə çəkilmiş fotosunu yayıb.
Ukrayna ordusunun məlumatına əsasən, Desant-Hücum Qoşunlarının 7-ci korpusu Pokrovsk rayonunda uğurlu paraşütsüz desant əməliyyatı keçirib. Əməliyyat nəticəsində Ukrayna bölmələri şəhərin bir neçə kvartalında taktiki üstünlük əldə edib.
Hazırda Pokrovskdakı vəziyyət gərgin və dəyişkən olaraq qalır. Ukrayna ordusunun qruplarının sayı artır, onlar Rusiya ordusunun təchizat yollarını pozmaq və bloklamaq üzərində çalışırlar.
Ukrayna mənbələrinin bildirdiyinə görə, əməliyyata Kəşfiyyat İdarəsinin xüsusi bölmələri də cəlb olunub. Onlar iki “UH-60A Black Hawk” helikopteri ilə Pokrovsk yaxınlığına endiriliblər. Helikopterlər aşağı hündürlükdə uçaraq radarlardan yayınmağa çalışıblar. Əməliyyatın görüntüləri sosial şəbəkələrdə yayılıb.
Baş komandan Aleksandr Sırski bəyan edib ki, Ukrayna hərbçiləri Pokrovsk–Mirnoqrad ərazisində minlərlə rus hərbçisinin hücumlarını dəf edir.
Onun sözlərinə görə, düşmən şəhər daxilinə sızmağa və təchizat yollarını kəsməyə cəhd göstərsə də, Pokrovsk və Mirnoqrad mühasirəyə alınmayıb.